
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qəzzada atəşkəs əldə edildikdən və HƏMAS-ın bölgədəki mövcudluğunun sona çatmasından sonra iki dövlətli həllin əldə olunmasını gözləmədən ölkəsinin Fələstin dövlətini tanıya biləcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Kemeron Livana diplomatik səfəri zamanı “Associated Press” agentliyi ilə Fələstin məsələsini müzakirə edib.
Kemeron İngiltərənin Fələstin dövlətini tanıması üçün iki dövlətli həllin yekunlaşmasını gözləməyə ehtiyac olmaya biləcəyini ifadə edib. “Proses həllə doğru irəlilədikcə və daha reallaşdıqca (Fələstini tanımağı) düşünə bilərik”, – deyə o bildirib.
Kemeron vurğulayıb ki, Fələstin xalqının gələcəkdə öz dövlətinə sahib olması uzunmüddətli perspektivdə regionun sülhü və təhlükəsizliyi üçün vacibdir.
Bu baxımdan, Kemeron ilk addımın “döyüş əməliyyatlarında fasilə” olması lazım olduğunu bildirib və fasilənin sonda “daimi, davamlı” atəşkəsə çevriləcəyini müdafiə edib.
Kemeron HƏMAS-ın Qəzzanı tərk etməsinin İngiltərənin Fələstin dövlətini tanıması üçün ilkin şərt olduğunu vurğulayaraq, deyib ki, “7 oktyabrın məsulları Qəzzanı hələ də nəzarətdə saxladığı halda iki dövlətli həll əldə edilə bilməz”.
Ölkəsinin Livan-İsrail sərhədindəki gərginliyi azaltmaq üçün bir plan təklif edəcəyini bildirən Kemeron plan çərçivəsində İngiltərənin Livan ordusuna daha çox sərhəd təhlükəsizliyi fəaliyyətləri həyata keçirməsi üçün təlim keçəcəyini bildirib.
Böyük Britaniya, ABŞ və digər Qərb ölkələrinin İsrail-Fələstin probleminin iki dövlətli həllinə artan dəstəyi İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən sərt etirazlarla qarşılanıb.
Gununsesi.info