Britaniyalı rəsmilər 1000-dən çox adamın ev ünvanlarının səhvən ictimailəşdirilməsinə görə üzr istəyib.
Gununsesi.org-un “Daily Sabah”a istinadən məlumatına görə, ev ünvanları ictimailəşdirilən şəxslər siyahısına müğənnilər Elton Con və Olivia Nyuton-Con da daxildir.
Siyahıya, həmçinin, “Oskar” mükafatı alan şəxslər, siyasətçilər, diplomatlar, məşhur idmançılar da daxildir.
Cümə günü hökumət Yeni il münasibətilə mükafatlandırılan şəxslər barədə məlumat verərkən ev ünvanları yarım saat onlayn olaraq yayımlanıb.
“Bu məlumatlar qısa zaman ərzində silindi. Biz təsirə məruz qalanların hamısından üzr istəyirik və bunun necə baş verdiyini araşdırırıq”, – deyə Britaniya Hökumətinin Ofisinin açıqlamasında bildirilib.
Britaniyanın İnformasiya Komissarlığı İdarəsi isə məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Şəxsi məlumatların yayımlanmasına görə cərimələrin tətbiq olunacağı istisna edilmir.
Gununsesi.org