Britaniya mətbuatı: Baş nazirin baldızı müxalifətə keçir

  • By admin
  • 28 İyun 2016 15:09

britaniye-metbuati

 

 

Bu günlər Britaniya qəzetləri referendumun ardınca yaşanan iqtisadi, maliyyə və hətta ictimai təlatümdən yazır.

Britaniyanın Avropa İttifaqından çıxmasına səs vermiş referendumdan cəmiyyətin geniş kütlələrinin narazılığı və hətta ölkənin ittifaqdan çıxmasına səs verənlərdən bəzilərinin peşmançılığı qəzet səhifələrinə çıxıb.

Peşman olanların arasında gənclər və yaşlılar, qadınlar və kişilər, hətta vəzifəli şəxslər də var.

Getdikcə daha çox vətəndaş “səhv referendumun” nəticələrinin ləğv edilməsini, səsvermənin yenidən keçirilməsini istəyir.

“The İndependent” yazır ki, zəngin və tanınmış sahibkar lord Richard Branson siyasətçiləri Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı yenidən düşünməyə çağırıb.

Məqalədə deyilir ki, ser Richard hələ referendumdan əvvəl ölkəsinin Avropa İttifaqından çıxması əleyhinə idi və referendumdan sonra xoşagəlməz vəziyyyətin yaranacağını deyirdi.

“The İndependent” yazır ki, Bronson referendumun ardınca sosial mediada yazdığı bloqda ikinci referendumun keçirilməsi üçün petisiyanın imzalanmasına çağırıb.

Öz bloqpostunda Bronson ittifaqdan çıxmaq kampaniyaçılarını seçiciləri aldatmaqda ittiham edir.

Britaniyanın səhhət və sərvəti

O yazır ki, ittifaqdan çıxmağa səs verənlər referendum başa çatan kimi “mənfi nəticələrin Pandora qutusunu açdıqlarını başa düşüblər”.

Ser Richard mənfi nəticələr deyəndə funt sterlinqin son 31 ildə ən ucuz həddə düşməsini, Şotlandiyanın Britaniyadan ayrılma təhlükəsinin yaranmasını qeyd edir.

Biznesmen bildirir ki, Britaniyanın maliyyə bazarlarında bir gündə itirilən pul, ölkənin Avropa İttifaqına indiyədək ödədiyi üzvlük haqqından çox olub.

65 yaşlı iş adamı qeyd edir ki, ölkə iqtisadiyyatı son onilliklərin tarixində ən böyük təlatümə düçar olub.

Bronson bildirir ki, ikinci referendumun keçirilməsinə çağıran və artıq 4 milyona yaxın imza toplamış petisisyaya ciddi yanaşılmalıdır.

Bronson yazır ki, antiittifaq kampaniyaçıları yüz minlərlə insanı dolaşdırıblar və indi parlament ikinci referendumun keçirilməsi məsələsinə baxmalıdır.

“Bunun alternativi Britaniyanın səhhət və sərvətinin sürətlə tənəzzülə uğraması olacaq” – yazır Bronson.

Richard Bronson bildirir ki, parlament hüquqi cəhətdən onsuz da məcburi olmayan referendum nəticələrini ləğv etməlidir.

Referendum peşmanı

 

160628082811_brexit_regret_624x415_getty_nocredit

 

“The Independent” qəzetində həm də Emily Tierney adlı gənc bir qızın etiraf və peşmançılıq dolu məktubu dərc olunub.

O yazır ki, referendumda Avropa İttifaqından ayrılmağa səs verəndən 24 saat sonra “bu milli divanəlikdə” iştirak etməsindən xəcalət çəkib.

Emily Tierney qeyd edir ki, referendum günü səhər canlı rəy sorğularına baxıb və ittifaqda qalmaq istəyənlərin hələ də çox olduğunu görüb.

Bundan acığa düşən qız ittifaq əleyhinə səs verməklə qisas almaq qərarına gəlib.

20 yaşımda 20 min borcum

“Mənim üçün rəy sorğusu reallığı əks etdirirdi: Mən 20 yaşlarındayam və bu referendumda ittifaqdan çıxmağa səs verəcək kimlərisə tanımıram – yazır Emily, – Sadəcə olaraq hakimiyyətə dərs vermək istəyirəm. Mən ötən il keçirilmiş parlament seçkisinin nəticələrindən pərtəm və nələrinsə dəyişməsini istəyirəm. Başqa bir adamla şərikli kirayə etdiyim balaca bir mənzildə yaşayıram və təhsil kreditinə düz 20 min funt sterlinq borcum var…”

Emily yazır ki, onu xüsusilə də böyük biznesi olan Tony Blair-in, prezident Obama-nın adamları dilə tutması özündən çıxarıb.

“David Cameron, əgər sən bu yazdıqlarımı oxuyursansa, bil ki, mən səndən İŞİD-in Brexiti salamladığı barədə bəyanatı hələ də gözləyirəm” – deyilir məktubda.

“Gəlin özümüzü aldatmayaq ki, Avropa İttifaqı mükəmməldir. İfrat sağçılar yüksəlişdədir, kütləvi işsizlik baş alıb gedir, avro Yunanıstan kimi ölkələrə bəla gətirib” – deyə düşünürmüş Emily səsverməyə gedərkən.

Kaş veteran babası ilə məsləhətləşəydi

Gənc qız yazır ki, Avropa İttifaqında qalmaq istəyənlərin sosial şəbəkələrdəki postları da onu cana yığmışdı. İttifaqdan çıxmaq istəyənlərin hamısını irqçi adlandırırdılar. O, sosial şəbəkədəkiləri bundan sonra yazdıqları postlar üzərində düşünməyə çağırır.

“Səs verəndən sonra 90 yaşlı babama, ikinci dünya müharibəsinin veteranına zəng etdim. O Cambridge ətrafında yaşayır. Mən elə bilirdim ki, o ittifaqdan çıxmağa səs verib. Amma dedi ki, qalmağa səs verib. Kaş qərarımı onunla birlikdə qəbul edəydim. Bu andan şübhə məni yeməyə başladı” – yazır Emily.

Emily həmin axşam nəticələrə televizorda baxmaq üçün rəfiqəsinin evinə gedib. “Dostlarımla mən, hamımız Aİ-dən çıxmağa səs vermişdik. Vaflini cemə batıra-batıra çay içirik. Hələ pəncərədən Birləşmiş Krallığın bayrağını da sallamışıq” – yazır tələbə qız.

Sunderland-dən ilk nəticələr elan olunanda Emily və rəfiqələri əl çalıblar.

“Biz qalib gəlirik. Adamlar boğaza yığılıblar” – yazır qız.

Daha gülməli deyil

Emily yazır ki, daha sonra başqa-başqa şəhərlərdən nəticələr elan edildikcə “reallıq onu dişləməyə” başlayıb.

Şimali İrlandiya, Şotlandiya, London, Cəbəllütariq – hamısı ittifaqda qalmağa səs veriblər.

“Daha gülməli deyildi, Birləşmiş Krallıq parçalana bilərdi” – yazır Emily Tierny.

Səhər saat 4-də BBC nəticəni elan edəndə isə əsl panikaya düşüb.

“Azacıq ləyaqəti olan antiittifaqçılar televiziya ekranlarından yox oldular. Mən David Cameron-un rəsmi bəyanatını gözləyirəm. Amma bizə Farage-ın ipləmə qələbə çıxışını göstərirlər. O deyir ki, bu referendumda bir güllə atılmadan qalib gəliblər. Halbuki bircə həftə əvvəl leyborist millət vəkili öldürülüb. Ürəyim bulanır” – yazır peşman olmuş qız.

Məktubda daha sonra deyilir: Funt düşməkdə davam edir, FTSE düşür, David Cameron istefa verir və onu daha sağçı alternativ əvəz edəcək.

“Donald Trump Birləşmiş Krallığa gəlib bəyan edir ki, bu, böyük qələbədir” – deyilir məktubda.

“Biz nə etmişik? Kaş səsimi geri götürə biləydim. Özüm özümdən utanıram. Ölkəmi geri istəyirəm” – yazır Emily Tierny peşmançılıq dolu məktubunda.

Cameron-un baldızı qəzəblidir

“The Daily Telegraph” qəzetində dərc olunmuş məqalədən isə bəlli olur ki, bu referendum baş nazir David Cameron-un ailəsinə də ixtilaf salıb.

Onun baldızı Brexit referendumundan sonra müxalif Leyborist Partiyasına yazılacağını deyib.

Birinci ledi Samantha Cameron-un bacısı Emily Sheffield Vogue jurnalının Britaniya nəşrinin redaktor müavinidir.

İndiyədək yeznəsinin hakim Mühafizəkar Partiyasının üzvü olub. Amma referendumdan dərhal sonra Tvitterdə belə bir sual verib: Leyborist Partiyasına necə yazıla bilərəm?

Xanım Sheffield, referendumda ittifaqdan çıxmaq istəyənlər qalib gələndən sonra belə qərara gəlib ki, sağ təmayüllü Torilər partiyasını hakimiyyətdən kənarlaşdırmaq lazımdır.

O etiraf edib ki, seçkidə yalnız David-ə görə mühafizəkarlara səs verib. Halbuki əvvəllər leyboristlərə səs verərmiş.

İndi xanım Sheffield adamları, Britaniyanın Avropa İttifaqından çıxmasına start verəcək 50-ci maddənin imzalanması əleyhinə petisiya yazmağa çağırır.

“The Daily Telegraph” məqaləsinə belə bir sonluq verir ki, heç kəs xanım Sheffield-in vəzifəbaz olduğunu düşünməsin:

Baş nazirin baldızı bu bəyanatı Cameronun istefa bəyanatından əvvəl verib.