XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

16 May 2016 - 08:53

“Builki Eurovision yarışı Putinin məzəmmət edilməsi idi”

putin-maraqli-300x225

Britaniyanın bütün qəzetləri bu bazar günü “Eurovision” xəbəri ilə çıxıb.

“The Telegraph” qəzetində Colin Freeman Ukrayna nümayəndəsi, mahnı yarışının qalibi Camalənin 1944 mahnısının Rusiyanı qəzəbləndirdiyindən yazır.

Müxbir yazır ki, özünün hərarətli sopranosu ilə Susanna Camaləddinova Stalin deportasiyalarından bəhs edən mahnısını oxuyub və 61-ci Eurovision müsabiqəsinin qalibi olub.

Məqalədə daha sonra oxuyuruq: İkinci Dünya Müharibəsi illərində 240 min etnik tatarın Ukraynanın Krım bölgəsindən sürgün edilməsinə həsr olunmuş bu mahnı minlərlə insanın sürəkli alqışlarını qazansa da, Rusiya bu hadisəni heç cür həzm edə bilmir.

Məqalədə deyilir ki, Camalənin qələbəsi Rusiyanın Krımı ilhaq etməsinə görə, bir növ Putinin məzəmmət edilməsi olub.

“The Telegraph” yazır ki, Qırğızıstanda doğulmuş etnik tatar Camaləddinova Ukrayna müsabiqəsində qələbəsini əyinində milli tatar geyimi olaraq hönkürməklə, tatar və Ukrayna bayraqlarını yelləməklə qeyd etmişdi.

Putinin bircə adı çəkilməyib…

Məqalədə deyilir ki, mahnının mətnində Vladimir Putinin Krımı 2014-cü ildə ilhaq etməsi barədə birbaşa heç nə deyilməsə də, söhbətin kimlərdən getdiyi şübhə doğurmur:

Yadlar gəlirlər sənin yurduna,Hamını öldürürlər və deyirlər ki,Günahsızdırlar…

“The Telegraph” müxbiri yazır ki, Rusiya rəsmiləri və Krımdakı bəzi məmurların şikayətinə baxmayaraq müsabiqənin Cenevrədə mənzillənmiş təşkilatçıları Camalənin mahnısını yarışa buraxıblar.

Məqalədə deyilir ki, müğənni AFP agentliyinə bu mahnı ilə Rusiyanın Krımı ilhaqından sonra öz xalqının “çarəsizliyini” dünyaya çatdırmaq istədiyini bildirib.

“Bu xatirələri təkrar-təkrar yada salmaq mənim üçün ağırdır, lakin bunu etmək vacibdir. İndi Krım tatarları ümidsizdirlər və onların dəstəyə ehtiyacları var” – demişdi müğənni.

Stalin Krım tatarlarını guya onların Hitlerə rəğbətinə görə sürgün etmişdi. Lakin Camalə bildirir ki, onun öz qohumları İkinci Dünya Müharibəsində sovetlərin tərəfində Hitlerə qarşı döyüşüblər.

Gürcüstanın bacarmadığı iş

Colin Freeman yazır ki, Eurovision müsabiqəsində Putinə mahnı ilə etiraz cəhdinin edildiyi ilk dəfə baş vermir.

2009-cu ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Tbilisi Eurovision müsabiqəsinə “Biz bundan keçə bilmərik” (We Don’t Wanna Put In) mahnısı ilə gəlmişdi, lakin müsabiqənin təşkilatçıları mahnını siyasiliyinə görə yarışa buraxmamış, gürcülərdən mətni dəyişməyi xahiş etmişdilər.

Buna cavab olaraq Gürcüstan, ümumiyyətlə, yarışa qatılmaqdan imtina etmişdi.

2014, 2015-ci ilin Eurovision yarışlarında isə Rusiya nümayəndəsinin çıxışı hay-küyə, fitə-fışqırığa basılmışdı.

Rusiya prezidenti bundan o qədər qəzəbli olmuşdu ki, Çin və Mərkəzi Asiyadakı müttəfiqlərinə ayrıca İntervision müsabiqəsinin keçirilməsini təklif etmişdi. Belə bir müsabiqə sovet vaxtı keçirilirdi.

Amma bu təşəbbüs hələ ki, həyata keçməyib, yazır “The Telegraph”.

Ən siyasi Eurovision

“The Guardian” qəzetinin sərlövhəsi də birmənalıdır: “Ukrayna Eurovision müsabiqəsini siyasi motivli mahnı ilə qazandı”.

Əslində “The Guardian” builki müsabiqəni indiyədək keçirilmiş Eurovision yarışlarının ən siyasisi adlandırır.

Məqalədə deyilir ki, Camalə hələ finaldan əvvəl mümkün qələbəsi haqqında belə demişdi:

“Mən qalib gəlsəm, bu o demək olacaq ki, avropalılar “başqa xalqların ağrısını duymağa qabildirlər”.

O “The Guardian” qəzetinə müsahibəsində mahnısının həddən-ziyadə siyasi olması barədə sualın cavabında belə deyirdi: “Əlbəttə, bu mahnı həm də 2014-cü il barədədir. Bu iki il mənim həyatıma o qədər böyük kədərlər gətirib ki…Təsəvvür edin ki, siz yaradıcı bir adamsınız, amma iki ildir öz evinizə gedə bilmirsiniz. 90 yaşlı babanızı yalnız Skype-da görə bilirsiniz, ona baş çəkə bilmirsiniz. Mən nə etməliyəm? Gözəl mahnılar oxuyub bunları unutmalıyam? Əlbəttə ki, yox!”

BBC Azərbaycanca