Britaniya prokurorları, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı tərəfindən korrupsiya vasitəsi ilə əldə edilən və bu ölkədə dondurulan təxminən 29 milyon dollarlıq (23 milyon funt sterlinq) əmlakla bağlı istintaq işini tamamlamaq üçün Gülnarə Kərimovanın tutulduğu həbsxanaya baş çəkə bilər.
Gununsesi.org xəbər verir ki, bu, Bloomberg-in 26 iyun tarixində dərc etdiyi “Britaniyadakı 23 milyon funt sterlinq dəyərində bir malikanənin sahibinin axtarışı Özbəkistan həbsxanasına aparır” başlıqlı məqalədə deyilir.
Yayılan məqaləyə görə, iyunun 26-da London məhkəməsi Gülnarə Kərimovanın Britaniyada 29 milyon dollar dəyərində olan əmlakının dondurulması barədə qərarı uzadıb.
Bloomberg-in verdiyi məlumata görə, məhkəmənin qərar qəbul etməsindən iki il keçməsinə baxmayaraq, Gülnarə Kərimova və onun bu işi üzrə tərəfdaşı Rüstəm Madumarov bu sənədi hələ də ala bilmirlər, çünki hər ikisi hazırda Özbəkistanda həbsdədirlər.
Məqalədə deyilir ki, Britaniya prokurorlarının Daşkəndə səfəri koronavirus pandemiyası səbəbindən gecikir və indi Özbəkistan Baş Prokurorunun köməyinə ümid edirlər.
Bir neçə il əvvəl Özbəkistanda 48 yaşlı Gülnarə Kərimovaya qarşı mənimsəmə və vergidən yayınma ittihamı ilə iki cinayət işi açılıb. Bu iki halda dövlətin və vətəndaşların mənafelərinə vurulan zərərin ümumi miqdarı 1 trilyon 270 milyard 200 milyon somdur (1 milyard 651.8 milyon ABŞ dolları).
Hazırda Kərimova Daşkənd vilayətinin Zangiata rayonundakı qadın koloniyasında saxlanılır. 2020-ci ilin yanvarında Özbəkistanda Gülnarə Kərimovaya və onunla əlaqəli şəxslərə qarşı yeni məhkəmə prosesi başlayıb.
Mart ayında Daşkənd şəhər Cinayət Məhkəməsi Kərimovu 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. Qeyd etmək lazımdır ki, Özbəkistanda Gülnarə Kərimova ilə bağlı bütün məhkəmə prosesləri bağlı qapılar arxasında keçirilib.
Kərimova bir neçə ölkədə təqsirləndirilən şəxsdir. Bu cinayət işləri çərçivəsində ABŞ, İsveçrə, İsveç, Hollandiya, Fransa və bəzi Baltikyanı ölkələrdə onun bahalı əmlakı və yüz milyonlarla dollarlıq bank hesabları dondurulub. İndi bir neçə ölkə Kərimovanın dondurulmuş aktivlərinə iddia edir.
Bu günə qədər Özbəkistan Gülnarə Kərimovanın dondurulmuş pullarının yalnız kiçik bir hissəsini əldə edə bilib.
Gununsesi.org