Britaniya səfirindən Azərbaycanda media azadlığı mesajı

Böyük Britaniyanın Azərbaycandakı səfiri fəaliyyətinin yekunlarına həsr olunmuş çıxışında Azərbaycanda media və vətəndaş cəmiyyətinin roluna xüsusi diqqət çəkərək mühüm siyasi mesaj verib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, ölkənin gələcəyi üçün yalnız dövlət institutları deyil, müstəqil media və fəal vətəndaş cəmiyyəti də həyati əhəmiyyət daşıyır.

Səfir vurğulayıb ki, “Müstəqil media olmadan heç bir demokratiya inkişaf edə bilməz” və Azərbaycanın zəngin media tarixini xatırladaraq “Əkinçi” qəzetinin 150 illiyini qeyd edib.

O, çıxışında hazırda tədbirdə iştirak edə bilməyən cəsur jurnalistlərə də eyham vuraraq, onların gələcəkdə azad şəkildə diplomatik tədbirlərdə iştirak edə bilməsi arzusunu ifadə edib.

Diplomat həm Azərbaycanda, həm də Böyük Britaniyada dezinformasiya və yanlış məlumatların artdığını bildirərək, hökumətlərin təhlükəsizliklə azadlıq arasında düzgün balans tapmasının vacibliyini qeyd edib.

Bununla yanaşı, səfir informasiyaya çıxışın məhdudlaşdırılmasının deyil, açıq müzakirənin daha sağlam yol olduğunu söyləyib.

Gununsesi.info