Xarici işlər naziri Devid Kemeron Britaniya parlamentinin yuxarı palatasında ölkəsinin xarici siyasəti ilə bağlı dəyərləndirmələr edib.
Gununsesi.info xəbər verir ki, vəzifəyə başlamasından 113 gün keçdiyini deyən Kemeron 7 oktyabr 2023-cü il tarixindən sonra İsraillə həmrəylik nümayiş etdirdiklərini, eyni zamanda Qəzzaya çatdırılmaq üçün daha çox yardım və davamlı atəşkəs üçün işlərə davam etdiklərini qeyd etdi.
XİN rəhbəri uzun müddətdir Qəzzada aclıq və epidemiya xəbərdarlığı etdiklərini xatırlıb. “Qəzzada dəhşətli bir ağrı ilə qarşı-qarşıyayıq”, – Kemeron deyib.
O, xəbərdarlıqlara baxmayaraq aclıq və qarşısı alına bilən xəstəliklərdən ölənlərin olduğunu bildirib: “Vəziyyət ağırdır və biz hələ də daha çox yardım almaq üçün çalışırıq. Bizim İsrailin yerinə yetirməsini istədiyimiz bir sıra tələblərimiz var idi. Ancaq deməliyəm ki, fevralda Qəzzaya daxil olan yardım yanvarda gələn yardımın təxminən yarısı idi”.
Kemeron Böyük Britaniyaya səfər edən İsrailin Müharibə Nazirlər Kabinetinin üzvü Benni Qantzla görüşəcəyini bildirib.
Səbrin tükəndiyini və bir sıra addımların atılması lazım olduğuna diqqət çəkən Kemeron münaqişədə humanitar fasilə və Qəzzada vəziyyətin yaxşılaşdırılması arzularını təkrarlayıb.
Kemeron humanitar yardımların daxil olması üçün Qəzzaya daha çox quru və dəniz dəhlizinin açılmasının vacibliyini vurğulayıb.
Kemeron Qəzzanın hər tərəfinə su və elektrik verilməli olduğunu deyib. “Bu tribunadan bir daha deməliyəm ki, İsrail işğalçı dövlətdir. Onların öhdəlikləri var və bunun İsrailin beynəlxalq humanitar hüquqa uyğun hərəkət edib-etməməsi ilə bağlı bizim baxışımıza təsir edən nəticələri var. Qəzza ilə bağlı ən mühüm məsələ budur, – deyə o bildirib.
Kemeron hadisələri siyasi həll üçün bir fürsət kimi gördüyünü də bəyan edib və münaqişədə humanitar fasilənin əvvəlcə əsirlərin azad edilməsinə, sonra isə yenidən münaqişəyə dönməyən bir prosesə çevriləcəyinə ümid etdiyini bildirib.
Münaqişədə fasilənin daha qalıcı atəşkəsə yol açacağını iddia edən Kemeron bunun baş verməsi üçün HƏMAS-ın yoxa çıxmalı olduğunu vurğulayıb.
Kemeron HƏMAS Qəzzada olduğu müddətcə iki dövlətli həll yolunun işə yaramayacağını iddia edib.
“Bir daha deyirəm ki, İngiltərə iki dövlətli həll yolunu müdafiə edir. Bu kontekstdə atılacaq addımlardan biri də Fələstinin dövlət olaraq tanınmasıdır. Düşünmürəm ki, bu, prosesdə ilk addımdır, çünki bu, fələstinlilərə islahat təzyiqini aradan qaldıracaq. Lakin biz İsrailə veto hüququ da verməməliyik. Bu, hazırda Amerika siyasətinin nəticəsidir. Ona görə də mən Fələstinin tanınmasını iki dövlətli həllə doğru sürəti dayandırılmaz edəcək bir addım kimi görürəm”, – deyə o bildirib.
Gununsesi.info