Avropa Ittifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə yanaşı, bu ölkə ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxslər var.
Gununsesi.info xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlil məqaləsində qeyd olunur.
Məqalə müəlliflərinə görə, Avropa İttifaqı son ana qədər Rusiya ilə əməkdaşlığıa görə Çini cəzalandırmaqdan çəkinirdi. “Ancaq Brüssel siyasətini dəyişdirib. Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəf alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. Avropa İttifaqının məmurlarından biri “The Guardian” qəzetinə verdiyi açıqlamada, Kremlin Avropa İttifaqının iqtisadi və ticarət sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib. Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var”, – deyə əlavə edilib.
Bildirilir ki, ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyiblər: “Avropa İttifaqı Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Misal üçün ötən ilin dekabrında Çin lideri Tsi Cinpinlə görüşən Avropa İttifaqının rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərinin Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmaqa məcbur qalıb”.
Məqalədə qeyd olunur ki, Pekin Brüsselin qərarını sərt tənqid edib. “Pekin Avropa İttifaqının Çir şirkətlərinə qarşı sanksiyalarını beynəlxalq hüquqa zidd adlandırıb. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq şirkətlərinin maraqlarını qoruyacağını açıqlayıb. Buna baxmayaraq, Çinin eyni ilə Avropa şirkətlərinə qarşı adekvat addlmlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüsselə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-i ildə Çinlə Avropa İttifaqı arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur”, – deyə bildirilir.
Gununsesi.info