Azərbaycan Rəşt-Astara dəmiryolu layihəsinin işə düşməsi üçün maliyyə yardımı ayırmalıdır.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov dünən büdcə müzakirələri zamanı bildirib.
O qeyd edib ki, bu il ölkəmizdə iki mühüm hadisə baş verdi. İlk növbədə “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasını, digər tərəfdən isə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun istifadəyə verilməsini qeyd etmək lazımdır: “Hesab edirəm ki, bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə, turizmin inkişafına imkan verəcək”.
Deputat həmçinin, Rəşt-Astara dəmiryolu layihəsinin işə düşməsinə şərait yaradılması ilə bağlı məsələ qaldırıb. O qeyd edib ki, dəmiryolunun işə düşməsi ilə Naxçıvan bu yola qoşula bilər və nəticədə iqtisadi blokadadan qismən də olsa azad ola bilər: “Biz Bakı-Tbilisi-Qars layihəsinə zamanında necə dəstək verdiksə, bu layihəyə də dəstək verməklə gəlirlərin artmasına şərait yarada bilərik”.
Gununsesi.info