“Qiyamçı polkovnik” ləqəbi ilə xatırlanan keçmiş baş nazir Surət Hüseynovun vəfatı xəbəri ölkədə rezonansla qarşılandı.
Sosial şəbəkələrdə bu xəbəri şərh edənlər əsasən Surət Hüseynovun mənfi obrazını yaratmağa çalışdı.
Bu da səbəbsiz deyil.
Azərbaycanın milli hökumətinin yıxılmasında Surət Hüseynov əsas fiqurlardan biri olmuşdu.
O zaman Azərbaycandakı kövrək demokratiyanın imkanları onu qiyam qaldırmağa həvəsləndirdi.
Etiraf edək ki, Surət Hüseynovun rəhbərlik etdiyi hərbi birləşmə Qarabağ müharibəsində iştirak edirdi və bir sıra uğurlu əməliyyatlara da nail olmuşdu.
Amma Surət Hüseynovun sonradan Rusiyanın təlimatı ilə hakimiyyətdaxili məsələlərə qarışması, Elçibəyin hakimiyyətdən devrilməsi üçün hərəkətləri onun Qarabağ müharibəsindəki rolunu da heçə endirdi.
Kəlbəcərin işğalının əsas məsuliyyəti də məhz Surətin üzərində qaldı.
Səbəb isə Elçibəyi hakimiyyətdən yola salmaq istəyi idi. Belə də oldu.
Kəlbəcərin işğalı Elçibəyin hakimiyyətinə son qoy qoydu.
“Qiyamçı polkovnik” yeni hakimiyyətə rəhbərlik edən Heydər Əliyevin komandasında baş nazir postunu tutdu.
Görünür, hesab edirmiş ki, Heydər Əliyevi hakimiyyətə gətirən əsas adamlardan biri olduğundan koalision hökumətin rəhbərlərindəndir və ölkəni Əliyevlə birgə o idarə etməlidir. Daha dərk etmədi ki, bu Əliyev O Əliyevdən deyil.
Onun Heydər Əliyevə qarşı başlatdığı qiyam beşiyindəcə boğuldu və ömürlük azadlıqdan məhrum edilməsi ilə nəticələndi.
Onun azadlığı üfiqdə belə görünməsə də İlham Əliyev hakimiyyətə gəldiyi ilk dövrdə ona azadlıq bəxş elədi.
Onunla bağlı olaylar xatırlananda isə el arasında “Allah Surətin evini yıxsın” kəlməsi idi.
Ölümündən sonra isə ona rəhmət əvəzinə “Allah Surətin evini yıxdı” dedilər.
Beləliklə, Surət də ölümündən sonra rəhmət qazanmayanlar sırasında o dünyaya getdi.
Pərviz Həşimli
Gununsesi.info