Bu ərazidə yenidən gecələr qazıntı aparılır - VİDEO

Bir neçə ay əvvəl Xətai rayonu, İlqar Musayev küçəsində yerləşən İran Mədəniyyət Mərkəzinin sağ tərəfindəki boşluq ərazidə gecə saatlarında qazıntı işlərinin aparılması ilə bağlı məlumat verilmişdi.

Sakinlər bildirirdilər ki, hava qaralandan sonra buldozerlər, yük maşınları işə düşür. Ehtimal olunurdu ki, boşluq ərazidəki torpağı qazaraq daşıyıb satırlar. O zaman İcra Hakimiyyəti qazıntı işlərinin həmin ərazidəki zibilləri toplamaq məqsədilə edildiyini açıqlamışdı. Bildirilirdi ki, artıq bütün zibillər daşınıb və bundan sonra oxşar hal yaşanmayacaq.

HTML tutorial

Lakin sözügedən ünvanda yenidən qazıntı işlərinə başlanılıb. Bu barədə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər. Onlar gecə saatlarında ağır texnikanın işə başlamasından şikayət edirlər. Sakinlərin redaksiyamıza göndərdikləri videodan da ərazidə qazıntı işlərinin aparıldığı görünür. Səs-küydən narahat olan sakinlər ərazidəki torpağın qazılaraq yük maşınlarına töküldüyünü və ərazidən daşındığını bildiriblər. 

Qazıntı işlərinin qanuni olub-olmamasını araşdırmaq üçün yenidən aidiyyəti qurumlara müraciət etdik. Xətai Rayon İcra Hakimiyyətindən hazırda ərazidə texnikanın işlədiyini təsdiqlədilər: “Həmin ünvanda ərazini sakinlər zibilliyə döndərmişdilər. Hazırda orada iş gedir, zibil, torpaq daşınır, düzəldilir. Həmin maşınlar gündüz işləyə bilmir deyə, işlər gecə saatlarında aparılır”.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, ərazidən torpaq daşınıb satılması ilə bağlı iddialar əsassızdır: “Həmin ərazidə təmizlik işləri aparılıb. Oradan daşınan qum isə dövlət tərəfindən həyata keçirilən layihənin icrasına yönəldilib. Ərazidə hər hansı qeyri-qanuni hal yoxdur”.

Sakinlərin şikayəti ilə bağlı Baş Prokurorluğa ünvanladığımız sorğuya isə cavab ala bilmədik.

(Qafqazinfo)