“Bu, əslində Kitab Mədəniyyəti ilə Kabab Mədəniyyətinin toqquşmasıdır…” - FAZİL MUSTAFA

  • By admin
  • 18 Mart 2017 20:13

avstriya-1

“Bu Avstriyanın hansı şəhərinə gedirsən, ən çox diqqətini çəkən Kabab və ya Dönər-Kabab yerləridir. Əksəriyyətini də Türkiyə məkanından gələn insanlar açıblar. İçlərində türklər də, kürdlər də var. Ərəb ölkələrindən gələn miqrantların da açdığı yemək yerlərini Halal sözündən tanımaq daha asan olur. Eşitdiyimə görə, azərbaycanlılar daha çox restoran açmağa meyillidirlər”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib.

“Ən azı adı prestijli səsləndiyinə görə. Bunlar əlbəttə qürbətdə dolanışıq üçün seçilən variantlardır, Allah gəlirlərini bol etsin, xeyir işlərə xərcləməkdə yarışsınlar” -deyən millət vəkilinin qeyd etdiyinə görə, bununla belə, Avropada biz türklərin Kabab Mədəniyyətinin yayılmasının mənfi tərəflərinə də baxmaq lazımdır:

“Hələ Anadolunu qoyuram bir tərəfə, elə bizim məmləkətdə Kabab Mədəniyyəti Kitab Mədəniyyətini çoxdan yerin alt qatına basdırıb. Mən özüm də ara-sıra oturduğum məclislərdə kabab yeyərəm, ancaq bu sözə qarşı içimdə həmişə bir ikrah hisslərinin yer aldığını gizlətmirəm. Ta uşqlıqdan xatırlayıram, təbiət qoynuna gedilən zaman birinci necə ət almaq və harada kabab çəkmək məsələsi hamını düşündürürdü. Kabab təbiətin gözəlliyinə qalib gəlirdi.

qoyun-tike-kabab-11

Hamı bir neçə saatını yeməyə başını qarışdırıb geri dönürdü və hara və niyə getdiyinin fərqində olmurdu. Onlarla adam tanıyıram ki, Göy-Gölü, İsa Bulağını yedikləri kababın dadı ilə xatırlayırlar. Mədəniyyətlərin toqquşması deyirlər ha, bu əslində Kitab Mədəniyyəti ilə Kabab Mədəniyyətinin toqquşmasıdır. İndi bu qosqoca Avropada gedib məscid tikməklə, minarələr ucaltmaqla, universitet oxumaqla, fərqli adlarda dərnəklər qurmaqla onları qıcıqlandırmaq, qorxutmaq əvəzinə türklü-ərəbli birləşib ardıcıl şəkildə bu kababın iysini onların canına hopdurmaqla məşğul olsaq, özlərinin də xəbəri olmadan bütün Şərq məmləkətlərində olduğu kimi bunlar da kitabı buraxıb kababa daraşacaqlar”.

F. Mustada bildirib ki, xüsusilə, bu, Dönər Kabab bunları enində-sonunda dediyi istiqamətə döndərəcək:

“Avropanın texnologiya və hüquqa sayğı mərtəbəsinə yetişməsək də, onları özümüzə bərabərləşdirmək üçün bu kabab variantından istifadə etməmiz daha məqsədəuyun görünür. Etiraf edim ki, Avropada olarkən özüm də Kabab yazılan yerlərə tez-tez baş çəkirəm. Bu isə kababa olan simpatiyadan deyil, donuz ətinə olan antipatiyadan irəli gəlir”.

fazil-mustafa

KAMİL

Gununsesi.info