Bu ildən başlayaraq, mərkəzi məscidlərdə Quran kursları açılıb. Bu, əvvəllər məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə bu, qanuni olacaq.
Gununsesi.info xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin 1-ci müavini Salman Musayev “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, müstəqilliyin ilk illərində xaricə gedib dini təhsil alan gənclər sonradan gəlib Azərbaycanda radikalizm meyilləri yaratmağa cəhd etdilər: “O zaman xaricdə təhsil alanlar məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətə gedən proseslərə yönəlməsinə təsir etdi”.
S.Musayev deyib ki, biz həmrəy olmalıyıq: “Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik. Məscidlərdə məzhəblərindən asılı olmayaraq, birgə namaz qılınır. Bu gün bu tolerantlıq davam etdirilir və bundan sonra da davam etdiriləcək”.
Gununsesi.info