Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalaması Qarabağla bağlı yeni dövrün başlanğıcıdır.
Bunu Gununsesi.info-ya Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib.
Deputat bildirib ki, bu addım həm də “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır:
“Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı hansı sahədə çalışmasından asılı olmayaraq, Ali Baş Komandanımızın bu addımını dəstəkləməli, bütün gücü ilə bu məsələyə təkan verməlidir”.
2016-cı ilin aprel hadisələrinə toxunan Komitə rəhbəri qeyd edib ki, ordumuzun qələbəsi xalqımızda, xüsusilə gənclərimizdə ruh yüksəkliyi, inamı daha da artırdı:
“İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması ilə bağlı sərəncam isə Azərbaycanın Qarabağla bağlı konkret mövqeyinin ifadəsidir”.
F.Muradov bu proseslərin Ermənistanda həyəcanla izlənildiyini vurğulayıb:
“Təbii ki, Ermənistan rəhbərliyi, erməni xalqı bunu görür və bilir. Qarşı tərəf anlamalıdır ki, işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Bunun alternativi yoxdur. “Lələtəpə” qələbəsi dönüş nöqtəsidir və dövlət başçısının xalqımıza söykənərək ortaya qoyduğu iradənin nəticəsidir. Əminik ki, bu vəhdət tezliklə bizi doğma Şuşamıza, Xankəndimizə qovuşduracaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.
Gununsesi.info