“Bu, ailəmiz üçün böyük faciə idi” – Tağıyevin rus varisi: “Azərbaycan dilini öyrənirəm” - Foto

  • By admin
  • 11 Yanvar 2024 08:52

Gununsesi.info hafiztimes.com-un məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin varislərindən biri olan Rixard İqor oğlu Petrovla müsahibəsini təqdim edir:

– Rixard bəy, sizi yaxından tanımaq istərdik. Harada doğulmusunuz, təhsil almısınız? İndi harada yaşayırsınız, nə işlə məşğul olursunuz?

– Sankt-Peterburqda doğulmuşam. Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetini qırmızı diplomla bitirmişəm. Mexanika və riyazi modelləşdirmə sənətinə yiyələnmişəm. Sankt-Peterburqdakı Politexnik Universitetinin tələbələrinə tibbi mühəndislik fənnindən online dərslər keçirəm. Bakıda yaşayıram və Beynəlxalq Mühəndislik Şirkətində  işləyirəm.

– Hacı Zeynalabidin Tağıyevlə ailə bağlarınız barədə bilmək istərdik. Sara Tağıyeva sizin nənənizdir?

– Mən Sara Tağıyevanın nəticəsi, H.Z.Tağıyevin isə kötükcəsiyəm. Anam özünü azərbaycanlı hesab edir, atam isə rusdur. Sara xanım mənim də nənəmdir. Onun vəfatından sonra doğulduğuma görə çox təəssüflənirəm. Sara xanımı görüb ünsiyyət qura bilmədim. Amma anam onu uşaq vaxtı Bakıya gələndə  görüb. Həm də Sara nənə Sankt-Peterburqa da (o zaman Leninqrada) gedibmiş. Anam mənə öz uşaqlıq xatirələrini danışıb.

(H.Z.Tağıyev, Sara Tağıyeva-Sarayeva, oğlu (babam) – Oleq Sarayev, onun qızı (anam) – Julianna Sarayeva-Petrova və mən)

– Hacı Zeynalabidin Tağıyevlə bağlı nələr bilirsiniz? Bu barədə ilk dəfə sizə kim, necə məlumat verib?

– İndi və keçmiş zamanda H.Z. Tağıyev kimi həm maddi, həm də mənəvi zəngin insan tapmaq çox çətindir. Maddi cəhətdən zəngin olan insanların bir çoxu digərlərini düşünmür, xalqın rifahı barədə fikirləşmirlər. Tağıyev isə məhz bu nadir tapılan insanlardan idi.

Uşaqlığımdan bəri öz köklərim barədə bilirəm. Babamgilin evində Tağıyevin bir şəkli vardı. Bu il Milli Azərbaycan Tarixi Muzeyində İsaak İsraeleviç Brodskinin bu portretini görəndə çox təsirləndim. Mən Hacı Zeynalabdin Tağıyevin hekayəsini bilirəm. Bu hekayə əvvəllər bir çox cəhətdən heç bir şeyə sahib olmayan bir insan haqqındadır. O, imkanları və təsirləri artdıqda isə insanlara yardım edən, onlara sahib olmadıqları şeyləri verən bir şəxsiyyət idi.

Onun təhsili yox idi. Uşaqlıq və yeniyetməlik illərində çoxlu imkanlara da malik deyildi. Lakin ətrafındakı dünyanı dəyişdirmək iradəsinə sahib bir insan idi. Bu, onun əsas məqsədi, arzusu idi. Buna görə də insanları maarifləndirməyə başladı – təqaüdləri ödədi, müsəlman qızlar üçün ilk məktəb açdı, mədəniyyət ocaqları yaratdı, onlara dəstək oldu, dini və digər idarələrə yardımlar etdi. Uzun illər, əsrlər boyu bu adam mən də daxil olmaqla insanlara örnək oldu.

(Babamgilin evi və divarda Tağıyevin şəkli)

– Babanız Oleq Sarayevlə bağlı bilmək istərdik. Sizə ailəsi ilə bağlı nələr danışıb?

– Babam hazırda Sankt-Peterburqda yaşayır və İoffe adına Fizika-Texniki İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. Oleq Sarayev Sara xanım Tağıyeva və Nikolay Sarayevin oğludur.

(Solda babam Oleq Sarayev və nənəm Lüdmila, sağda babam və mən)

Mənim babam Oleq Sarayev 1937-ci il noyabrın 10-da Leninqradda Sara xanım Tağıyeva-Sarayeva və onun ikinci həyat yoldaşı Nikolay Sarayevin ailəsində anadan olub. Onun Lev Sarayev adlı bir qardaşı da var.

 

(Sara xanım Murmansk yaxınlığında SSRİ ordusunda xidmət edən oğlu Oleqi ziyarət edir)

– Sara xanımla bağlı babanız Oleq bəy sizə nələr danışıb? Sara xanım necə yaşayıb?

– Sara xanım çox çətin bir həyat yaşayıb. O, özü üçün yaşamayıb. Və heç vaxt xoşbəxt qadın olmayıb. Qohumlarımdan və bu mövzuda şəxsi araşdırmalarımdan bildiyimə görə, Sara xanımın həyatı əsl fədakarlıqdan ibarət olub. Özünüzü onun yerində təsəvvür edin. O, Bakı neft milyonçusu, xeyriyyəçi H.Z. Tağıyev sarayında anadan olub. Sankt-Peterburqda Soylu Qızlar İnstitutunda (Institute of Noble Maidens) mükəmməl təhsil alıb. (Azərbaycan, rus, alman və fransız dillərini bilirdi, həmçinin filologiya üzrə elmi dərəcə alıb) O həm də aristokrat Zeynal bəy Səlimxanovla da ailə həyatı qurub.

Nə səhv ola bilərdi? Lakin Sovet hakimiyyəti quruldu, yeni hökumət tərəfindən repressiyalar başladı. Ailəsinin bütün əmlakı müsadirə edildi. Bundan sonra Sara xanım həyatının çox qəddar ikinci hissəsini yaşamalı oldu. Sara xanımın özü 1931-ci ildə hakimiyyətin təzyiqi ilə doğma Bakını tərk etmək məcburiyyətində qaldı. O, Leninqrada köçə bildi. Bir neçə il sonra Leninqraddakı səlahiyyətli şəxslər onu Sergey Kirovun qətlində ittiham etməyə başladılar. Onu bir cəza kamerasına saldılar, işgəncə verdilər. Lakin ondan heç bir dəqiq etiraf ala bilmədilər. Sara xanım bu ittihamların onun üçün törədə biləcəyi ən pis nəticələrindən möcüzəvi bir şəkildə qaça bildi. Daha sonra Leninqrad fabriklərindən birində mühasib işləyən babam Nikolay Sarayevlə tanış oldu. Evləndilər və 2 uşaqları oldu – babam Oleq və qardaşı Lev. Ancaq bir neçə ildən sonra İkinci dünya müharibəsi baş verdi. 20-ci əsrin ən dəhşətli səhifələrindən birinə çevrilən Leninqradın mühasirəsi başladı. Qida çatışmazlığı səbəbindən şəhərdə aclıq başladı. Bildiyimə görə, babam evlərinin damına atılan yandırıcı mərmiləri zərərsizləşdirib. 1942-ci ilin qışında Nikolay Sarayev ona verilən ərzaq kartlarını ailəsinə verdi, özünə isə heç nə saxlamadı, yolda aclıqdan öldü. 2021-ci ilə qədər ailəmiz Nikolay Sarayevin harada dəfn olunduğunu bilmirdi – bu, mənim ailəm üçün böyük faciə idi.

Daha sonra Sara xanım və uşaqlar oradan təxliyə edilib. Leninqradın mühasirəsindən sonra Sara xanım şəhərə qayıtdı və gördü ki, onların mənzili başqa adamlar tərəfindən zəbt olunub və yerli rəhbərlik evi ona geri qaytarmaq istəməyib (Leninqradın mühasirəsində insanların boş mənzilləri zəbt etməsi kimi hallar da olub).

(Liqovski prospektində bir mənzildə yaşadıqlarını bildirən çıxarış)

Ailə başçısını itirdikdən sonra ağır vəziyyətdə olan, iki uşaqlı, evsiz Sara xanım, bütün bunların təkbaşına öhdəsindən gəlmək inanılmaz dərəcədə çətin olduğuna görə övladlarını internat məktəbinə və qohumlarına vermək məcburiyyətində qalıb. Çətinliklər bununla da bitməyib. O, Bakıda çox çətin bir şəraitdə yaşamalı olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun oxu zalıda kitabxanaçı da işləyib.

Bakıda Sara xanım uzun müddət atasının mütərəqqi fəaliyyəti haqqında həqiqəti əks etdirən məlumatların yayılmasına çalışıb. (həmin illərdə Hacı Zeynalabidin Tağıyev zəhmətkeşlərin istismarçısı, elmin, mədəniyyətin, tərəqqinin düşməni hesab edilirdi və onun xeyriyyəçilik fəaliyyəti ilə bağlı faktlar da təhrif edilib və adını tarixdən silmək istəyiblər). Bu kövrək, yaşlı xanımın isə tək məqsədi – ədalətli bir tənha döyüşçü kimi, Azərbaycanda sovet hökumətindən öncə də mədəniyyətin, tibbin, təhsilin mövcud olduğunu və inkişaf etdiyini sübut etmək idi. Bakı inkişaf etmiş bir infrastruktura və öz mədəniyyətinə malik olan bir şəhər idi, yalnız neft bumundan sonra genişlənən regionun mərkəzinə çevrildi və bu dövrün yaradıcılarından biri də onun atası Hacı Zeynalabdin Tağıyev idi.

(Sara xanımın dəfn mərasimi – Oleq Sarayev (Sara xanımın oğlu, Tağıyevin nəvəsi), Fuad Abdullayev (Sara xanımın nəvəsi, Tağıyevin nəticəsi), Rəsmi Abdullayev (Sürəyya xanımın oğlu, Tağıyevin nəvəsi), Püstəxanım Əzizbəyova (Tarix Muzeyinin direktoru), Lev Sarayev (Sara xanımın oğlu, Tağıyevin nəvəsi), Dmitriy Sarayev (Lev Sarayevin oğlu, Tağıyevin nəticəsi)

– Hacı Zeynalabidin Tağıyevin Ev Muzeyində olarkən nə hisslər keçirdiniz? Hacı Zeynalabin Tağıyevin varisi olmaq necə bir hissdir?

– Mən artıq Milli Azərbaycan Tarix Muzeyində olmuşam və əcdadlarımın məzarlarını da ziyarət etmişəm. Həmçinin Muzeyin icraçı direktoru Fərhad Cabbarovla da görüşdüm. Bütün bunlar mənim üçün inanılmaz dərəcədə vacibdir. O anlarda həyat haqqında çox düşündüm.

(Əmim qızı İnessa Kərimova və anamla birlikdə Milli Azərbaycan Tarixi Muzeyində – H.Z.Tağıyev və Sara Tağıyeva-Sarayevanın məzarının yanında (sağda)

– Sara xanımın həyatı ilə bağlı sizə ən təsir edən məqam nə olub?

– Mənə ən təsir edən məqam odur ki, həyatında olan bütün çətinliklərə və taleyin ağır zərbələrinə baxmayaraq, Sara xanım Bakıya qayıdıb, bütün sübutları yığaraq atasının fəaliyyətini inkar edən dövlət məmurlarını ifşa etməyə özündə güc tapıb. Bu, Sara xanımın necə bir insan olduğunu sübut edir. Sara xanım mənim və yaxınlarım üçün əzm və qürur rəmzidir, həqiqət daşıyıcısı olub və hər zaman da belə olacaq!

O, öz əzizlərini, evini itirib, ötən əsrin ən şiddətli hadisələrinin burulğanına düşüb, amma atası və Azərbaycanın keçmişi ilə bağlı tarixi həqiqəti bərpa etmək üçün var gücü ilə çalışıb və bu inançla yaşayıb. Belə hallar bir çoxlarını alçaldır, amma onu yox. Çünki Sara xanım bütün yollardan keçəndən sonra atası haqqında sənədləri toplayıb kitab yazdı. (“H.Z.Tağıyevin maarifçilik fəaliyyəti məcmuəsi” kitabının arxiv nüsxələrindən biri məndə var, qohumlarım mənə hədiyyə edib) 1969-cu ildə onun arqumentləri Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən qəbul edilənə qədər ən yüksək idarələrə təkbaşına girməyə çalışdı. Çünki onun dəqiq hədəfi vardı.  Mənə elə gəlir ki, bu onun taleyi idi.

Sara xanımın hekayəsi bu ölkənin, bu torpağın, düşmənlərin hücumuna məruz qalan Azərbaycanın və onun keçmişi ilə bağlı tarixi həqiqətlərin bərpası uğrunda mübarizənin simvoludur. Onun hekayəsi gələcək nəsillərə örnək olaraq əsrlər boyu yaşamalıdır. Babamın təhvil verdiyi sənədlər əsasında kitab yazdığına görə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarova da təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu kitab uğurlu olacaq və geniş ictimaiyyət Sara xanımın hekayəsi ilə tanış olacaq və onu hər zaman xatırlayacaqlar.

(Sara xanımın dəfn mərasimi, tabutunu atasının keçmiş evi olan Azərbaycan Tarixi Muzeyindəki büstünün yanından aparırlar)

– Sara xanımın həyat yoldaşı babanız Nikolay Sarayevlə bağlı nələr bilirsiniz?

– Əvvəllər babam Oleq atasının məzarının harada olduğunu bilmirdi (2021-ci ilə qədər), arxivdəki sənədlərin köməyi ilə məzarı tapmağa nail oldum.

(Babam Nikolay Sarayev)

2020-ci ildə Nikolay Sarayevin taleyi ilə bağlı şəxsi axtarışa başladım. Bir müddət sonra onun Novo-Volkovski qəbiristanlığında (1942-ci ildə ailənin yaşadığı yerdən bir qədər aralıda) dəfn olunduğu yer haqqında arxivdə məlumat tapa bildim. Artıq 2021-ci ildə, 9 May Qələbə Gününü qeyd edərkən, babam bu məzarlığa gəldi, orada atası Nikolay Sarayevin adı və dəfn olunduğu yer yazılmış lövhəni gördü. Mənim üçün həyatımın ən dəhşətli anlarından biri idi, həmin vaxt çox ağladım. Çünki babam 79 ildən sonra öz atasının məzarını ziyarət edə bildi. Fikrimcə, Nikolay Sarayev çox güclü və fədakar insan olub.

(Bu, əvvəllər heç vaxt söylənməyən eksklüziv məlumat və şəkildir)

– Ailənizlə bağlı daha nəyi bilmək istərsiniz? Ailənizin digər üzvləri ilə əlaqə saxlayırsınızmı?

– Etiraf edim ki, mən hələ Tağıyevin nəslindən olan qohumlarımın hamısını görməmişəm, bir çoxu Azərbaycan və Rusiyadan kənarda yaşayır. Mən onları şəxsən görmək və hekayələrini canlı dinləmək istərdim.

Sara xanımın birinci ailəsindən olan nəvələri ilə sıx əlaqəmiz var. Anam Dmitriy Sarayevlə tez-tez əlaqə saxlayır və çox xoş münasibətləri var. Mən şəxsən ən çox Sara xanımın nəslindən olanlarla ünsiyyətdə oluram, çünki onlarla əlaqələrim var. Azərbaycana köçdükdən sonra məni çox mehriban qarşıladıqları üçün Bakıda, Mərdəkanda yaşayan qohumlarıma (Sara xanım və Zeynal bəy Səlimxanovun evliliyindən olan) xüsusi təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də mənə çox dəstək oldular.

(Mənim ikinci əmim qızı Diana Abdullayeva, bibim Kamilla Abdullayeva, əmim qızı Dilarə Abdullayeva və İnessa Kərimova, uşaq vaxtı əmim Nikolay Sarayevlə)

– Hacı Zeynalabidin Tağıyev sizin üçün kimdir? 

– Ən azından bunu bilmək böyük xoşbəxtlikdir. Digər tərəfdən bu ailənin aqibəti çox kədərləndirir. Və Tağıyev kimi bir şəxsiyyətin varisi olmaq hər cəhətdən böyük bir məsuliyyətdir.

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi hər şeyi əhatə edir, bu gün yeni nəsil insanlar üçün örnəkdir. Bu, hər şeyi yoxdan necə yarada biləcəyinizin bir nümunəsidir. Həm də hər şeyə sahib olduğunuz halda, bir göz qırpımında yoxa çıxa biləcəyinə və sabah özünüzü boş ciblərlə görüb, dünyanın dağılışını seyr edə biləcəyinizin bir nümunəsidir. Xatırlatmaq istərdim ki, 2024-cü ildə onun vəfatından 100 il keçir, bu insanın keçmişini bilməli və onu daim xatırlamalıyıq. Mən də bir şey etmək, öz töhfəmi vermək istəyirəm. Ona görə də qohumlarım, qayğıkeş insanlar, həm də Fərhad Cabbarovun dəstəyi ilə Prezidentə məktub yazaraq, Ağ Şəhərdə inşa ediləcək gələcək metro stansiyasına onun adının verilməsini xahiş edirik. Bu, həmin çətin tarixə ehtiram məqsədi daşıyır. Arzularımdan danışarkən, qeyd etmək istərdim ki, mən də həmişə xalqın maariflənməsi ilə bağlı onun yolunu davam etdirmək istəmişəm, mühəndislik sahəsində müəyyən təcrübəm var. Gücüm çatarsa Azərbaycanda da bu sahədə çalışmaq üçün hər şeyi edəcəyəm və ali təhsil aldığım sahədə maarifləndirici layihələr həyata keçirəcəyəm.

– Azərbaycan dilini necə öyrənirsiniz?

– Artıq bir müddətdir ki, Azərbaycan dilini müəllimimlə öyrənməyə başlamışam. Bilirəm ki, bu çox vacibdir, bəzi çətinliklərin olmağına baxmayaraq, çox çalışıram. Əminəm ki, müəyyən müddətdən sonra Azərbaycan dilində danışmağa başlayacağam. Etiraf etməliyəm ki, suallarınıza Azərbaycan dilində cavablar yazmağım mənə bu dili öyrədən müəllimim – Turan xanımın sayəsindədir.

– Siz artıq Azərbaycana köçübsünüz. Azərbaycan, Bakı ilə bağlı fikirlərinizi bilmək istərdik. Bakı necə bir şəhərdir?

– 2023-cü ilin mart ayının sonundan Azərbaycana köçmüşəm. Şəhər gözəldir, yaşıllıq çoxdur. Adama çox gözəl mənəvi təsir edir. Ən sevdiyim yer isə Milli Parkdır. Digər şəhərlərdə də olmuşam, Bakıdakı gözəllik və yaşıllığı başqa yerlərdə görmədim. Filarmoniya bağı xoşuma gəlir, tez-tez oraya gedirəm və pianoda ifaları dinləyirəm. Bu il ilk dəfə olaraq 8 Noyabr – Zəfər Günü şənliyində olduğum üçün çox şadam. Mən hətta şəhərin mərkəzindəki yürüş zamanı insanlarla birlikdə addımladım, bu, çox ruhlandırıcı bir an idi!

– Əlavə etmək istədiyiniz bir məqam varmı?

– Ölkənin ərazi bütövlüyünün bərpası və Qarabağ bölgəsində separatizmin kökünün kəsilməsi münasibətilə bütün Azərbaycan xalqına öz səmimi təbriklərimi çatdırmaq istəyirəm!

Sonda isə erməni teatr truppasının Tağıyevə təqdim etdiyi ordenin fotosunu əlavə etmək istəyirəm. Bu orden hələ də babam tərəfindən qorunur.

Hacı Zeynalabidin Tağıyev erməni truppasının öz teatrında öz ana dillərində çıxış etməsinə icazə verdi və bunun üçün heç bir ödəniş tələb etmədi. 1918-ci ildə teatr daşnaksütyun üzvləri tərəfindən yandırıldı. Və bununla bağlı ritorik sual yaranır – bu insanlar azərbaycanlıların onlar üçün etdiklərinə görə minnətdar ola bilərlərmi?

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Gununsesi.info