“Bu axşam İranı çox sərt vuracağıq, Putin razılaşmaq istəyir”

36-cı NATO Liderlər Zirvəsindən sonra ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, mətbuata açıqlamasında Tramp bildirib ki, Rusiya ilə müharibə nəticəsində doğma torpaqlarından didərgin düşən ukraynalılar evlərinə qayıtmaq istəyirlər.

“Bir çox müharibəni dayandırmışıq. Amma həm Putin, həm də bu cənab çətin xarakterli insanlardır”, – deyə o, Zelenskiyə işarə edib.

“Putin razılaşmaq istəyir”

Tramp Rusiya-Ukrayna müharibəsi barədə danışarkən deyib:

“Bu, parkda bir-birini sevməyən iki uşağa bənzəyir. Bəzən onların dalaşmasına imkan vermək lazımdır. Zelenski yaxşı iş görüb. Ukraynada çox cəsur insanlar var. Rusiya isə çox böyük və güclü silahlı dövlətdir. Bu müharibə çox təhlükəli mərhələyə çata bilər”.

Onun sözlərinə görə, tərəflər arasında fərqlər o qədər də böyük deyil.

“Əslində onlar razılığa gələ bilərlər. Bu, minlərlə insanın həyatına son qoyan çox ağır müharibədir. Məncə, Putin razılaşmaq istəyir”.


“Bu, çox ölümcül müharibədir”

ABŞ Prezidenti qeyd edib ki, həm Zelenski, həm də digər tərəflə danışıqlar aparıb.

“Mən ömrüm boyu razılaşmalar əldə etmişəm. Bu, mənim işimdir və bunu yaxşı bacarıram. Hər iki tərəfin razılaşmaq istədiyini bilirəm. Müharibə bitdikdən sonra Ukraynanın böyük potensiala malik ölkəyə çevriləcəyinə inanıram”.

Bu axşam da İranı vurma ehtimalımız yüksəkdir”

Tramp İranla bağlı sərt mesajlar verib.

“Bu axşam da böyük ehtimalla İranı vuracağıq. Əgər belə qərar versəm, yəqin ki, əvvəlcədən xəbərdarlıq edəcəyəm. Biz İranın nüvə silahından məhrum edilməsi üzərində işləyirik. Görüş keçirəcəyik. Mənim ümidim rejim dəyişikliyi deyil. Onlar 47 ildir Yaxın Şərqin ‘qabaqdangələnləri’ olduqlarını düşünürlər, amma elə deyillər”, – ABŞ Prezidenti bildirib.

“İranın hava qüvvələri məhv edilib”

Tramp İranın hərbi imkanları barədə də iddialar səsləndirib.

“Müdafiə silahı hücum silahı deyil. Təyyarədaşıyan gəmilərimiz dünyanın ən güclü gəmiləridir. Onlara qarşı 111 raket buraxıldı və onların hamısı məhv edildi. Heç biri hədəfə çatmadı. Çatsaydı, ciddi nəticələr olardı”.

O əlavə edib:

“İrana baxanda görürük ki, onların hava qüvvələri məhv olub, demək olar ki, hər şeylərini itiriblər. Bunu mənə bir quş pıçıldadı”.

Tramp həmçinin Barak Obamanın İranla nüvə sazişini tənqid edib.

“Obama ilə bağlanan nüvə sazişi ABŞ tarixinin ən böyük faciələrindən biri idi. Mən onu nüvə tullantıları sazişi adlandırıram. Bizim razılaşmamız maneələr yaradırdı, Obamanın razılaşması isə onlara yol açırdı”.

Prezident İranı ABŞ hərbçilərinə qarşı hücumlarda da ittiham edib və bildirib ki, Vaşinqtonun Tehranla “hesabı hələ bağlanmayıb”.

Sonda Tramp qeyd edib ki, Putin böyük təzyiq altındadır və ABŞ-ın məqsədi insan həyatını xilas etməkdir.

“Ukrayna bizim problemimiz deyil. Amma bu ölkənin böyük potensialı var. Müharibə başa çatdıqdan sonra Ukrayna çox yaxşı vəziyyətə gələcək”, – deyə o bildirib.