
“Azərbaycan dövlətinin qanunlarını pozaraq, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə səfər edən Lapşinin Belarusda tutularaq ölkəmizə gətirilməsi cənab Prezidentimiz İlham Əliyev başda olmaqla dövlətimizin ilk növbədə, şəhid əsgərimizin nəşinin qaytarılmasından sonra rəsmi Yerevana vurduğu ikinci daha ağır bir zərbədir və işğalçı ölkənin beynəlxalq mövqelərinin zəifliyini göstərir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, ikincisi, geniş əks-səda doğuran bu hadisə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsində dövlətimizin qəti mövqeyini və qərarlığını göstərir: “Bir daha təsdiq edir ki, dövlətimiz hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq, qanunlarımızı pozaraq işğal edilmiş ərazilərimizə səfər edən şəxslərə qarşı sərt mövqeyini bundan sonra da davam etdirəcək. Bu addım belə sevdaya düşən digər şəxslərə də bir xəbərdarlıqdır. Nəhayət, bu hadisə Belarus dövlətinin beynəlxalq hüquq normalardan irəli gələn prinsiplərə riayət etdiyinin, Prezident Lukaşenkonun sözü və işinin vəhdət təşkil etdiyinin göstəricisidir”.
Mürtəza
Gununsesi.info