

“Gənclər Azərbaycanın inkişafı üçün əllərindən gələni və gəlməyəni etməlidirlər”.
Gununsesi.info-nun xəbərinə görə, bunu YAP Gənclər Birliyinin sədri Seymur Orucov mayın 1-də Milli Məclisin (MM) Gənclər və idman komitəsi, həmçinin, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və adıçəkilən partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə parlamentdə təşkil olunmuş “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü ilə” adlı Dəyirmi masada çıxışı zamanı deyib.
S. Orucov bildirib ki, onlar ilk öncə spiker Oqtay Əsədova minnətdardırlar ki, parlamentin qapısını gənclərin üzünə belə geniş açıb: “Bu, həm də gələcəyin siyasətçiləri, gələcəyin kadrları olacaq gənclər üçün bir təcrübədir”. O, deyib ki, gənclər də Azərbaycanın inkişafı üçün əllərindən gələni və gəlməyəni etməlidirlər.
MM-in Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev isə 1918-ci ildə Şərq və müsəlman aləmində ilk olaraq, Azərbaycanda müstəqil dövlətin, cümhuriyyətin yaradıldığını xatırladıb və bununla yanaşı, deyib ki, amma bəzi səbəblərdən həmin dövlətin, müstəqilliyin ömrü uzun çəkməyib.
“Amma mərhum Heydər Əliyevin gərgin zəhməti və fəaliyyəti nəticəsində Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini qazandı, möhkəmləndirdi və bir çox təhlükələrdən xilas edilərək, müasir, inkişaf etmiş bir ölkəyə çevrildi. Bu gün Azərbaycan nəinki bölgənin, regionun, bütövlükdə dünyanın lider dövlətlərindən birinə çevrilib. Bu, bizim hər birimizin fəxridir”-deyə, komitə sədrinin müavini bildirib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info