“Bu bölgə Rusiyaya birləşmək istəsə…” - ŞOK AÇIQLAMA

  • By admin
  • 02 Aprel 2022 15:22

“Cənubi Osetiya (Gürcüstanın işğal edilmiş ərazisi – red.) Rusiyaya birləşmək məsələsini kənardan müdaxilə etmədən təkbaşına həll etməlidir”.

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov deyib.

“Hazırda yaranan vəziyyətə görə təşəbbüs göstərməməli və bu prosesə qarışmamalıyıq”, – deputat Rusiyadan qondarma referendumun təşkilinə mümkün köməklik barədə sualı cavablandırarkən qeyd edib.

Tsekov hesab edir ki, işğal bölgəsindəki separatçı rejimin “referendum keçirmək hüququ” var və Moskva onların istənilən qərarına hörmətlə yanaşacaq.

Bundan əvvəl Cənubi Osetiyadakı qondarma rejimin başçısı Anatoli Bibilov “respublika”nın tezliklə Rusiyaya birləşmək planının olduğunu açıqlayıb. O, bu addımın “ölkəsinin” strateji hədəfi olduğunu vurğulayıb.

Rəsmi Tiflis separatçıların qərarına etiraz edib. Gürcüstan Xarici işlər naziri David Zalkaliyani deyib ki, nə Tiflis, nə də dünya Cənubi Osetiyanın Rusiyaya birləşməsinə dair referendumu tanıyacaq. O, həmçinin beynəlxalq ictimaiyyətdən sərt reaksiyanın olacağına ümid etdiyini bildirib.

Gununsesi.info