
Bu gün Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə davam edib.
Gununsesi.info xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə A.İsmayılov prosesin videoçəkilişinə imkan yaradılması haqda vəsatət qaldırıb. Amma hakim razılaşmayıb.
A.İsmayılovun daha bir vəsatəti H.Hacıyevin onun haqqında səsləndirdiyi fikirlərin də iş materiallarına əlavə edilməsi haqda olub. Hüquqşünasın sözlərinə görə, H.Hacıyev onu “erməni”, “casus” adlandırıb, dünyasını dəyişmiş valideynlərini təhqir edib: “Bu canlı sifarişlə mənim ünvanıma təhqirləri aylarla davam etdirdi, əhəmiyyət vermədim, amma valideynlərimə çatanda artıq susmadım. Onu məhkəməyə verdim. Amma onu üstümə qaldıranlar məhkəmələrə də sifariş verdilər və iddiam təmin olunmadı. Hələ üstəlik, mənim özümə də saxta cinayət işi açdılar”.
H.Hacıyev isə kimsənin sifarişi ilə hərəkət etmədiyini, əksinə, A.İsmayılovun müəyyən məmurların adlarını çəkməklə məsələni siyasiləşdirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, əksinə, A.İsmayılov onun ünvanına “canlı, məxluq, tula” ifadələrini işlədib, vəzifəli şəxslərdən pul aldığını iddia edərək, ona böhtan atıb.
A.İsmayılov cavabında bildirib ki, bu adamın adını çəkməyi özünə yaraşdırmadığına görə onu “canlı” adlandırıb.
Hakim Azər Tağıyev H.Hacıyevin iddia ərizəsində göstərdiyi və təhqir hesab etdiyi ifadələrin həqiqətən təhqir olub-olmamasının müəyyənləşdirilməsi üçün linqvistuk ekspertizanın təyin edilməsi haqda qərar çıxarıb.
Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xatıqladaq ki, H.Hacıyev A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.
Gülər
Gununsesi.info