Bu dəfəki dəmir yumruğun fəsadları çox ciddi olacaq – Deputat

  • By admin
  • 24 Aprel 2021 11:10

“Ermənistanın bir dövlət kimi yeganə xilas yolu qonşularına qarşı ərazi iddialarına son qoyub normal münasibətlər formalaşdırmaqdır. Əks halda hansısa revanş mifləri ilə yaşamaq istəsələr, yenidən dəmir yumruqla üzləşəcəklər. Budəfəki dəmir yumruğun isə onlar üçün fəsadları çox ciddi olacaq. Belə olan halda Ermənistan dövlətinin mövcudluğu da sual doğuracaq”.

Gununsesi.info xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Ermənistan yaxın müddətdə üçtərəfli bəyanatın bütün bəndlərini sürətlə icra etməlidir:

“Onlar seçkiqabağı kampaniya dövründə yenə də “qəhrəman libası” geyinməyə çalışırlar. Revanşist şüarlarla meydanlara çıxırlar. Lakin onlar bilməlidirlər ki, Azərbaycan üçtərəfli sazişin bütün bəndlərini tələb edəcək. Eyni zamanda, icrasına nail olacaq. Əslində, Ermənistandakı seçki şousu elə seçkilərlə də bitməlidir. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, üçtərəfli razılaşmadakı hər bir bənd, hər bir tələb icra edilməlidir. Mən əminəm ki, həmin bəndlərin hər biri icra olunacaq”.

 

Asim Mollazadə Ermənistanın bu təxribatlarının arxasında onların real sahiblərinin durmasını da istisna etməyib:

“Eyni zamanda, “İsgəndər” raketlərini qeyri-qanuni yolla Ermənistana verən qüvvələr Araik Arutyunyanı Moskvaya dəvət edirlər. Yenə də erməni kartından Qarabağda istifadə etmək istəyən qüvvələr var. Həmin qüvvələrə sadəcə olaraq bir şeyi xatırlatmaq istərdim ki, Arutyunyanın yeri Beynəlxalq Hərbi Tribunaldır. Onu raketlərlə təmin edən qüvvələr üçün də bu nüans istisna deyil. Həmin qüvvələrə də həmin tribunalda yer tapılacaq. Çünki indiyə qədər Xocalı soyqırımını törədən hərbçilər və erməni hərbi cinayətkarları tribunal qarşısında cavab verməyiblər. Bunun üçün də yeni təxribatlara, yeni oyunlara əl atırlar”.

Gununsesi.info