Bu dondurmalar təhlükə saçır - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Dondurma ət məhsulları kimi riski qidalara daxildir. Bütün riskli məhsulların daşınmasından öncəki proses istehsal sexlərindən başlayır. Bu gün dondurma istehsal olunan avadanlıqların yaxşı yuyulması, gigiyenik cəhətdən təmiz olması, kimin bu prosesə nəzarət etməsi sual altındadır. 

Bu fikirləri Publika.az-a beynəlxalq münsif, qida eksperti Ağa Salamov deyib.

Ekspert bildirib ki,  dondurma sexində qida qalırsa, 3-4 saatdan sonra həmin yer mikrobioloji çirklənməyə məruz qalır: “Dondurma sexlərində axşam iş bitəndən sonra bütün avadanlıqlar dezinfeksiya olunub təmizlənməlidir ki, orada qida qalıqları qalmasın. Hətta bir damcı dondurma belə orada qalmamalıdır. Bəzən yaxşı təmizlənmir, eyni təmizlik vasitəsi ilə bütün sexi təmizləyirlər ki, bu da çarpaz çirklənməyə səbəb olur. Buna görə də ilk olaraq istehsal sexlərində təmizliyə riayət olunmalıdır”.

A.Salamov qeyd edib ki, dondurmalarla əlaqədar riayət olunması mühüm olan ikinci proses onların daşınması ilə bağlıdır: “Dondurmanı soyuducusu olan avtomobil daşımalı, ünvana çatdıqda isə tez bir zamanda soyuduculara yerləşdirilməlidir. Ancaq bəzən mağazalarda soyuducular açılır və bağlanmır ki, bu da havanın temperaturunun aşağı düşməsinə gətirib çıxarır. Orada temperatur -18 dərəcə olmalıdır. Temperaturun qalxması isə dondurmaların mikrobioloji çirklənməsinə səbəb olur. Bu isə qida zəhərlənməsi ilə nəticələnir”.

Mütəxəssis yol kənarlarında satılan dondurmaların təhlükəli olduğunu deyib: “Açıq formada, səyyar şəkildə satılan dondurmalar günəş şüasına məruz qalır. Onun üzəri bəzən kartonla örtülür, ancaq bu, müəyyən qədər günəş şüasının qarşısını ala bilər, soyuducunun içərisində isə temperaturu dəyişir. Çünki soyuducu sərin, qapalı, günəş şüalarından uzaq məkanda olmalı, motor hissəsinin rahat şəkildə işləyə bilməsi üçün geniş yerdə qoyulmalıdır. Əgər dondurmalar günəş şüasının altında qoyulub satılarsa, bu, qida zəhərlənməsi ilə nəticələnə bilər. Bu məsələdə ehtiyatlı olmaq lazımdır. Bəzən yol kənarlarında yerləşdirilən soyuduların üzərində çətir yerləşdirilir, lakin orada dərəcə dəyişirsə mikrobioloji çirklənmə ilə nəticələnir. Dondurmanın əriyib yenidən donması isə zəhərlənməyə səbəb ola bilər”.

Gununsesi.info