Bu dövlət qurumunun fəaliyyəti dayandırıldı - PREZİDENT SƏRƏNCAM İMZALADI

  • By admin
  • 15 Yanvar 2018 17:42
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırdığını elan edib.
Gununsesi.info apa-ya istinadən məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12.01.2018-ci il tarixli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb.
“Azərbaycan Respublikasının mülki aviasiyasının dövlət idarəetməsi sistemində struktur dəyişikliklərin başa çatana qədər Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi vasitəsilə müraciət etməyinizi xahiş edirik”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 12-də “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasıəsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilib.
Fərmana əsasən, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Dövlət Dəniz Agentliyinin tabeliyinə, Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi isə publik hüquqi şəxs statusu ilə Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Gununsesi.info