“Bu, ermənilərin faşizm mahiyyətini bir daha sübuta yetirdi” -Naqif Həmzəyev

  • By admin
  • 30 Mart 2022 19:54

“Tarixin müxtəlif dönəmlərində erməni millətçiləri “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər”.

Bunu Gununsesi.info-ya  açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Xalqımız bəşər tarixində bənzərinə rast gəlinməyən 1918-ci il 31 mart soyqırımı kimi dəhşətli faciə yaşayıb, daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlara məruz qalıb. Hünər meydanında, açıq döyüşlərdə hər zaman qorxaqcasına qaçan, daim kimlərinsə kölgəsində dolanan, xislətində qəddarlıq, qaniçənlik, xainlik, namərdlik kimi naqis hisslər daşıyan erməni barbarları hər fürsətdə gücünü yalnız silahsız, müdafiəsiz insanların üzərində sınamağı üstün tutub. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar”.

Deputat deyib ki, mart soyqırımında “Daşnaksutyun” partiyası xüsusi fəallıqla iştirak edib. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.

“Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Amansızlığına və miqyasına görə 1918-ci ilin mart soyqırımları təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir.

1918-ci ilin mart hadisələrinə ilk dəfə AXC tərəfindən qiymət verilməyə cəhd göstərilib. Lakin AXC-nin süqutu bu işi başa çatdırmağa imkan verməyib. Sonra uzun illər davam edən sovet rejimi dövründə saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində milli yaddaşımız tamamilə yad istiqamətdə köklənib. Bu soyqırımı faktı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra alıb.

“Ulu öndər Heydər Əliyevin mart hadisələrinin 80-ci ildönümü münasibətilə – 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olur” – deyə, N.Həmzəyev əlavə edib:

“Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbit edilir.

Təssüflər olsun ki, öz xislətindən əl çəkməyən erməni millətçilərinin azğınlığı, şər mahiyyəti yenə də böyük bir region üçün ciddi təhlükə mənbəyi olaraq qaldı. Dünya ictimaiyyəti 2020-ci il sentyabrın 27-dən etibarən də erməni vandallarının namərd hücumlarının, əməllərinin bir daha şahidi oldu. Dövlət siyasəti faşist ideologiyasına köklənmiş Ermənistan müharibə boyu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törətdi. Beynəlxalq aləmin gözü qarşısında Azərbaycan əsgəri düşmənin yalnız hərbi obyektlərini nişan aldığı halda, erməni silahlı qüvvələri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutub, mülki əhalini hədəf aldı. Mənfur düşmən müharibə boyu qadağan olunmuş silahlardan istifadə etdi”.

Deputatın sözlərinə görə, işğalçı Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə təsdiq etdi, faşizm mahiyyətini bir daha sübuta yetirdi.

“Hətta illərdir erməni vandallığını, vəhşiliyini görməzdən gələn ermənipərəst dairələr də bu mənfur tayfanın 44 gün ərzində törətdikləri cinayətləri ört-basdır etməkdə aciz qaldılar.

Artıq erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlər beynəlxalq ictimaiyyətə daha aydın çatdırılır. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti sayəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımılar dünya ictimaiyyətinə çatdırılır, bundan sonra da çatdırılacaq”.