“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “AzPolitika.info”-ya müsahibəsində Fransada yayımlanan “Arte.TV”-nin Azərbaycana qarşı böhtan kampaniyasına münasibət bildirib.
Gununsesi.info müsahibəni təqdim edir:
– Əliməmməd müəllim, Fransanın Arte.TV telekanalı tərəfindən yayımlanan və Kəlbəcər hadisələrini təhrif edən “sənədli film” haqqında fikirlərinizi bilmək istərdik. Bu filmi necə qiymətləndirirsiniz?
– Bu “film” medianın obyektivliyini və jurnalistika etikasını ayaqlar altına ataraq qərəzli bir saxtakarlığın nümunəsidir. Arte.TV kanalının bu addımı təkcə medianın etikasızlığı deyil, həm də Azərbaycanın əleyhinə yönəlmiş məqsədli bir kampaniya kimi qəbul edilməlidir. Film, Birinci Qarabağ Müharibəsi zamanı Kəlbəcərdən qovulan azərbaycanlıların görüntülərini manipulyasiya edərək “erməni qaçqınları” kimi təqdim edir. Bu isə təkcə bizim tarixi həqiqətlərimizə deyil, həm də beynəlxalq hüquqa ziddir.
– Sizcə, belə bir filmə qarşı Azərbaycanın cavabı necə olmalıdır?
– Cavab kompleks və strateji olmalıdır. İlk növbədə, tarixi həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması vacibdir. Azərbaycanın müvafiq qurumları, xüsusilə arxivlərdə saxlanılan video və fotomaterialları ortaya çıxarmalı, beynəlxalq media vasitəsilə təqdim etməlidir. Bununla yanaşı, bu cür manipulyasiyalara qarşı hüquqi tədbirlər də görülməlidir. Fransanın məhkəmə orqanlarına müraciət etməli, filmin böhtan xarakterli olduğunu sübut etməli və onun internet resurslarından silinməsini tələb etməliyik.
– Hüquqi tədbirlərdən bəhs etdiniz. Bu addımların nəticə verəcəyi nə dərəcədə realdır?
– Əgər sübutlar və faktlar yaxşı hazırlanarsa, hüquqi tədbirlərin nəticə verməsi mümkündür. Əgər Fransa məhkəmələri məsələyə qərəzsiz yanaşmasa, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edilə bilər. Bununla yanaşı, UNESCO və digər beynəlxalq təşkilatlara şikayətlər göndərilməlidir. Bu təşkilatlar medianın etik prinsiplərini qorumaq və tərəfsizliyini təmin etmək məsuliyyətini daşıyır.
– Filmdə Azərbaycanın müsəlman, Ermənistanın isə xristian ölkəsi olduğu xüsusi vurğulanaraq dinlərarası qarşıdurma yaratmaq cəhdləri açıq görünür. Bu məsələyə münasibətiniz necədir?
– Təəssüf ki, bu, qərb mediasının bəzi dairələrində yayılmış islamofobiya və türkofobiya yanaşmasının nəticəsidir. Azərbaycan dünyada dini tolerantlıq modeli kimi tanınır. Bu mövzuda geniş maarifləndirmə işləri aparılmalı, Azərbaycanın multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə vurğulanmalıdır. Bizim xristian və yəhudi icmalarımızla tarixi əlaqələrimiz də bu cür təxribatlara ən yaxşı cavabdır.
– İctimaiyyətin bu məsələdə rolu nə dərəcədə əhəmiyyətlidir?
– İctimaiyyətin dəstəyi olduqca vacibdir. QHT-lər, diaspor təşkilatları və sosial media fəalları bu məsələdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda əsas rol oynamalıdır. İnsanlar sosial şəbəkələrdə aktiv şəkildə iştirak edərək bu filmin saxtakarlığını ifşa etməlidir. Xüsusilə, beynəlxalq auditoriyaya yönəlmiş təbliğat kampaniyaları təşkil olunmalıdır.
– Son olaraq, bu filmlə bağlı əsas nəticə və çağırışınız nədir?
– Bu film, Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin növbəti nümunəsidir. Lakin biz bunu tarixi həqiqətlərimizi, beynəlxalq hüququ və milli maraqlarımızı qorumaq üçün bir fürsət kimi də görə bilərik. Biz birlikdə çalışmalı, həm diplomatik, həm də ictimai səviyyədə haqq səsimizi ucalda bilməliyik. Bu məsələdə hər bir azərbaycanlı öz rolunu oynamalıdır.