Bu görüşdə kim uduzdu, kim uddu?.. - DETALLAR

“Üçtərəfli Soçi görüşü yeni bəyannamənin imzalanması ilə başa çatdı. Bəyannamədə əsas xətt olaraq, 10 noyabr, 11 yanvar, 16 noyabr, tarixlərində Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli razılaşmalar qəbul edilir. Bəyanatda “Qarabağ” sözü işlədilmir və statusla bağlı heç bir fikir yer almır. Bu da o deməkdir ki, Xankəndidə separatçıların və rus sülhməramlılarının birgə təşkil etdikləri mitinq təxribatları özünü doğrultmadı”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev ötən gün Rusiyanın Soçi şəhərində baş tutan üçtərəfli görüşlə bağlı fikirlərini bölüşərkən deyib.

HTML tutorial

Millət vəkili bildirib ki, bundan başqa Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın təklif etdiyi 5 prinsipə alternativ olaraq 15 bənddən ibarət yeni təklifləri, 12-14 sentyabr təxribatlarında ölkəmizi günahlandıran iddiaları da qəbul olunmadı:

“Əvvəlki razılaşmalardan irəli gələn öhdəliklər icra edilməlidir. Daha dəqiq desək, Qarabağ ərazisindən silahlı terrorçular çıxarılmalı, Zəngəzur koridoru açılmalı, sərhədlərin delimitasiya, demarkasiya işlərinə başlanılmalıdır. Sərhədlərin müəyyənləşdirilməsində əsas olaraq, BMT nizamnaməsi və 1991- ci il Alma-Ata bəyannaməsinə istinad olunur. Ümumiyyətlə, qeyd etmək olar ki, dünənki bəyannamə reallığı əks etdirir. Burada bir məqamı da vurğulamaq istərdim, görüşdən əvvəl Paşinyan və ona havadarlıq edən dairələr ümid edirdilər ki, Brüssel və Praqa razılaşmalarını öz xeyirlərinə dəyişidirməyə nail olacaqlar. Amma alınmadı. Azərbaycan Prezidenti İlham Əliyevin, Vladimir Putinlə ikitərəfli görüşün əvvəlində səsləndirdiyi fikirlər, qətiyyətli və prinsipial mövqeyi, yekun bəyannamənin tərtibatında həlledici rol oynadı. Bir sözlə, Qarabağ münaqişəsi iki il bundan əvvəl öz həllini tapıb”.

Gununsesi.info