Bu gün ən qorxulusu Qarabağ münaqişənin beynəlmiləlləşməsidir - ZAHİD ORUC

  • By Mayil
  • 31 Oktyabr 2016 16:47
zahid_oruc_esas
Son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət yenidən gərginləşib.
Yaranmış vəziyyətlə bağlı Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruca müraciət etdik. Millət vəkili Gununsesi.info-ya müsahibəsində bildiribki, ermənilər yenidan Dağlıq Qarabağda  təxribatlara əl ataraq güc nümayiş etdirməklə, prosesləri  növbəti “dördgünlük aprel döyüşlərini” təkrarlamağa sürükləyirlər və aprel döyüşlərinin təkrarlanması tam realdır.
Son aylarda İrəvana gedən tabutların sayı artıb.
 
-Zahid müəllim, ermənilərin son günlərdə  cəbhəboyu aktivləşməsinin arxasında nə dayanır. Bu aktivləşmə  hansı məqsədlərə xidmət edir?
-Son günlərdə  ermənilərin aktivləşməsində və bununla vəziyyətin gərginləşməsində hərbi elementlərlə yanaşı, siyasi elementlər də mövcuddur. Birincisi odur ki,  aprel döyüşlərinin ermənilərdə yaşatdığı şok Ermənistanda bir müddət çəkdi. Serj Sərkisyan   hökuməti istefaya göndərməklə bu vəziyyətdən çıxdı. Ermənistanın yeni baş naziri və müdafiə naziri apreldən öcəki vəziyyəti bərpa etmək üçün  Azərbaycana dırnaqarası güc göstərməklə vəziyyəti dəyişmək istəyir. Lakin o da bəllidir ki,  ermənilərin bu atəşlərinə və təxribatlarına qarşı Azərbaycanın cavabı çox kəskin olur. Məhz bunun nəticəsidir ki, son aylarda İrəvana gedən tabutların sayı artıb. İkinci amil isə ondan ibarətdir ki, ermənilər Dağlıq Qarabağ ərazisinə xeyli sayda silah yerləşdirib və bununla qabaqlayıcı tədbirlər görürlər.
Digər əsas məqam isə  beş rayonun işğaldan azad olunması ətrafında gedən müzakirələrdir. İrəvan hesab edir ki, artıq Rusiya  Ermənistanın üstündən əlini çəkib və müttəfiqləri olsa da, onları müdafiə etmir. Rusiya hətta, “Şimal-Cənub” dəhlizinin keçdiyi ərazilərin işğaldan azad olunması üçün İrəvana təzyiq edir. Buna görə də  Ermənistan  danışıqlar prosesini pozmaq və rayonları hansı vasitə ilə olur-olsun boşaltmamaq üçün ən müxtəlif təxribatlara əl atmaq istəyir. Necə ki, 90-cı illərin sonunda  Ermənistan parlamenti gülləbaran edilməklə  Ter-Petrosyan hökuməti istefaya göndərildisə, indi də hökuməti qurban verib status-kvonu qoruyub saxlamağa çalışırlar. Odur ki, bu gün erməni cəmiyyətində bir anti-Putin, anti-Rusiya hərəkatı güclənməkdədir. Çünki Rusiya da artıq  yaxşı başa düşür ki,Qarabağdakı status-kvonu uzun müddət saxlamaq onların marağına xidmət etmir. Ermənilər onu da yaxşı anlayır ki, Rusiya-Azərbaycan  yaxınlaşması Ermənistanın forpost rolunun itməsi ilə nətcələnəcək. Bu da İrəvanın maraqlarına cavab vermir. Yəni, Ermənistan Cənub flaqmanında ön cəbhə rolunu itirmiş olacaq. Belə olan şəraitdə ermənilər  cəbhə xəttində aktivləşərək təxribatlara əl atırlar. Ancaq onu deyə bilərəm ki, beynəlxalq münasibətlərdə təşəbbüslərin çox zəiflədiyi bir  dönəmdə  proseslər təkrar aprel döyüşləri ssenarisinə qayda bilər. Ona görə də cəbhədə təkrar hərbi toqquşma tam realdır.
 
“Başqa güclər münaqişəyə cəlb olunacağı təqdirdə, o, bizim müharibə olmayacaq”
 
-Sizcə aprel döyüşlərinin təkrarlanması hansı nəticələrə gətirib çıxara bilər?  Regionda hansı fəsadlara yol aça bilər?
-Bir çoxları Amerikada seçkilərin  olduğunu, Yaxın Şərdəki, Ukraynadakı vəziyyəti nəzərə alaraq regionda növbəti toqquşmalara yol açıla biləcəyini qeyd edirlər. Bu fikirlər də əsaslıdır və həqiqət payı böyükdür. Ruisya ABŞ-la Qafqazada öz münasibətlərini müəyyən mənada uzlaşdırsalar da, Yaxın Şərqdə və Ukraynada bunun şahidi olmuruq. Belə olan təqdirdə,  Azərbaycanla Ermənistan arasındakı qarşıdurma daha geniş əməliyyatlara yol aça bilər. Yəni, münaqişə tərəfi iki dövlətdən ibarət olmaya bilər. Bu gün ən qorxulusu  da Qarabağ münaqişənin beynəlmiləlləşməsidir. Bu münaqişəyə yeni qüvvlərin cəlb olunmasıdır ki, burada  da heç bir uduş yoxdur. Açıqca demək lazımdır ki,  belə bir söz var  “Öz müharibən”. Əgər başqa güclər münaqişəyə cəlb olunacaqsa,  o, bizim müharibə olmayacaq.  Kənar dövlətlərin iradəsi ilə  həyata keçirilən əməliyyat olacaq. Bəziləri hesab edir ki, guya indiki yaranmış surətdə bu yolla Rusiyanı bölgədən uzaqlaşdırmaq mümkün olacaq. Lakin hesab edirəm ki,  bunu fürsət kimi dəyərləndirmək olmaz. Ona görə də proseslərdə  qarışıq elementlər bir-irini içərisindədir və ehtiyatlı olmaq lazımdır.  Burada bir məqamı da vurğulamaq istəyirəm ki, Ermənistanın yeni müdafiə naziri özünü göstərərək demək istəyir ki, o, beynəlxalq münasibətlər sistemindən gəlsə də,  hərbi  sistemi idarə edə bilər. Əslində isə orduda  onu qəbul etməyən yetərincə qüvvələr var. Onlar düşünürlər ki, Qarabağda  can verib, qan tökərək general rütbəsi  alıblar. Ancaq kənardan biri gəlib onları idarə edir. O baxımdan da, kiçik bir  növbəti uğrusuzluq  Ermənistanda  silahlı qüvvələrdə siyasi böhrana yol açacaq. Buna  heç şübhəniz olmasın.
“Erməni generalları bundan çox ehtiyat edirlər”
 -Yəni hesab edirsiz ki,  cəbhə xəttində baş verənlər yeni müdafiə nazirin təxribatı ola bilər?
-Bəli. Bir daha  deyirəm ki, bu gün Ermənistanda  iqtisadi islahatlar yolu ilə xalqı hökumətin ətrafında    birləşdirmək mümkün deyil. Yeganə variant  Qarabağ cəbhəsində qalır ki, o da bundan istifadə etməyə çalışır. Çünki son günlərdə dünyada yaşayan tanınmış ermənilər, hətta, Şarl Aznavur da  ermənilərə müraciət edərək dövlətçilik üçün  mühüm dövr olduğu barədə çağırış edib. Bu yolla  İrəvan Qarabağ cəbhəsinə dönüş əldə edib, apreldən öncəki vəziyyəti bərpa etmək istəyir. Amma ermənilər onu da yaxşı analyır ki, Azərbaycan ordusu da yetərincə güclüdür. Nəinki  ermənilərin hücumunun qarşısını almağa, hətta,  vəziyyəti dəyişib  döyüşləri Ermənistanın daxilində aparmağa qadirdirlər. Və  erməni generalları bundan çox ehtiyat edirlər.
“Yetər ki, beynəlxalq güclər yenə ortaya düşüb prosesə mane olmasınlar…”
Onda belə demək olar ki, əslində bu oyunların bir məqsədi var, o da,   Qarabağ münaqişəsinin həlində status-kvonu qoruyub saxlamaq.  Bu məqsədlə də, yəni, cəbhə xəttində təxribata  əl atmaqla beynəlxalq ictimaiyyətini diqqətini danışıqlar prosesindən, həmçinin, beş rayonun azad olunması fikirndən yayındırmaq…Elə deyilmi?
-Bəli.  Qeyd etdiyiniz  kimi məsələni bir az da genişləndirərək demək istərdim ki, Serj Sərkisyan bu mövqeni sərgiləməklə  ərazi qaytarılmasına getməyəcəyini nümayiş etdirmək istəyir. Guya demək istəyir ki, onun hərbi qüvvələrə gücü çatmır. Qarabağdakı  münaqişəni tənzimləmək üçün oradakı  ordu ilə razılaşamaq lazımdır.  Gedin Qarabağda əlində silah olan  zabit və əsgərlərlə danışın, kimi mesajını  verir. Bununla belə Azərbaycan ordusu da dördgünlük aprel müharibəsində  münaqişənin ədalətli həlli yolunu  ermənilərə başa saldı və bunu bir daha təkrar etməya hazırdır. Qarşısına qoyduğu hədəf nail olmağa  qadirdir. Yetər ki, beynəlxalq güclər yenə ortaya düşüb prosesə mane olmasınlar.
Mürtəza Bünyadlı 
Gununsesi.info