Bu gün Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək

  • By Günel
  • 19 Fevral 2025 08:30

Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qurumun siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq və bir sıra təşkilati işlərə baxılacaq.

Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bugünü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.

Sonda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.

Xatırladaq ki, tədbir fevralın 20-dək davam edəcək.

Gununsesi.info