
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunmuşdur.
Gununsesi.info xatırladır ki, həmin tarixdən sonra beynəlxalq jurnalist təşkilatları ölkələrdə media azadlığının durumu haqqında hesabatlar hazılayaraq, həmin ölkələrdə bu sahədə vəziyyəti təsvir edirlər.
Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.
Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır.
XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi – Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndərmişdir.
Təəssüflər olsun ki, Azərbaycan media azadlığı səviyyəsinə görə tənqid olunan dövlətlər sırasındadır.
Gununsesi.info