Bu gün “Elmlər Akademiyası” stansiyasının əsas girişi istifadəyə veriləcək

  • By admin
  • 15 Sentyabr 2016 10:53

419071

Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının əsas girişi sərnişinləri istifadəsinə veriləcək.

Bu barədə Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə,bu ilin aprel ayının 15-dən “Elmlər Akademiyası” stansiyasının birinci vestibülü təmirə bağlanıb: “Təmirdə əsas məqsəd istifadə müddəti bitmiş “ET-3” tipli 3 eskalatorun dəyişdirilməsi idi. Eyni zamanda vestibüldə təmir işləri aparılmalı idi. Artıq işlər yekunlaşıb. Birinci vestibül plan üzrə oktyabrın 10-da açılmalı idi. Ancaq biz qış qrafikinə keçid və sərnişin sıxlığını nəzərə alaraq stansiyanın əsas girişi bu gün istifadəyə veriləcək”.

Qeyd edək ki, Azərbaycan prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

Xatırladaq ki, təmir işləri aparılan müddətdə stansiyanın II vestibül (BDU tərəf) giriş-çıxışı üçün açıq olub.
Gununsesi.info