Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda final matçı keçiriləcək. Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü günündə “Keşlə” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş tarixə 25-ci final oyunu kimi düşəcək. Qalib komanda da tarixində ilk dəfə ölkə kubokunu qazanacaq. “Keşlə” və “Qəbələ” indiyədək 4 dəfə üz-üzə gəlib. Görüşlərdən 1-də paytaxt, 3-də isə əyalət təmsilçisi qələbə qazanıb. Topların nisbətində də “qırmızı-qaralar” öndədir – 7:6. Komandaların yolları indiyədək 2 dəfə kubokda kəsişib. Hər iki halda onlar yarımfinalda üz-üzə gəliblər. Son 3 qarşılaşmada “Qəbələ” 2 top fərqi ilə qələbə qazanıb. 2008/09. 1/2 final. İnter (Bakı) – Qəbələ – 5:0, 0:2 2016/17. 1/2 final. İnter (Bakı) – Qəbələ – 1:3, 0:2 Bugünkü matç həm də ukraynalı baş məşqçilərin dueli ilə əlamətdar olacaq. “Qəbələ”də 4-cü mövsümünü başa vuran Roman Qriqorçuk indiyədək titula həsrət qalıb. Yuri Maksimovun qış fasiləsində baş məşqçi təyin olunduğu “Keşlə” isə “İnter” adlandığı vaxtlarda iki dəfə çempion olsa da, kubok sevinci yaşaya bilməyib. Komandalar meydana itkilərlə çıxacaqlar. “Qəbələ”dən Ürfan Abbasov və Ruslan Qurbanov, “Keşlə”dən isə Fuad Bayramov cəza üzündən oynamayacaq. Final matçından əvvəl Qəbələ şəhər stadionunda konsert proqramı təşkil olunacaq. Tanınmış rumıniyalı müğənni Seeya mahnılarını ifa edəcək. Azərbaycan Kuboku, Final 28 may 20:00. “Keşlə” – “Qəbələ” Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev AFFA Nümayəndəsi : Şaiq Həmidov Hakim-inspektor: Vüsal Əliyev Qəbələ şəhər stadionu.