Tarixdəki günlər fərqli hadisələrlə yanaşı tarixi şəxsiyyətlərin ölüm və doğum günlərinə görə də xatırlanır.
Gununsesi.info bu gün xatırlanan tarixi şəxsiyyətləri təqdim edir:
1. Qafqaz Albaniyasının hökmdarı, görkəmli sərkərdə Cavanşir 616-cı ilin bu günü anadan olub. O, Girdman dövlətini xarici işğalçıların müdaxiləsindən qoruyub. Cavanşir ömrünün sonlarına yaxın Ərəbistana gedərək İslam dinini qəbul edib. (616-681)
2. Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı “Prosper Merime” (Prosper Mérimée) 1803-cü ilin 28 sentyabrında dünyaya gəlib. Sorbona Universitetnin hüquq fakültəsini bitirən, sonralar Fransa Akademiyasının üzvü olan yazıçının “IX Karl hökmdarlığının xronikası” romanı, “Mates Falkone”, “Tamanqo”, “Etruss kuzəsi”, “İkiqat səhv”, “Abbat Oben” və “Karmen” novellaları çox məşhurdur. Onun əsərləri əsasında musiqili komediyalar, operalar yazılıb, filmlər çəkilib.
3. Qazaxıstanın görkəmli yazıçısı “Muxtar Auezov” 1897-ci ilin bu günü dünyaya gəlib. Yaradıcılığında qazax tarixi və xalqın adət-ənənələrini parlaq şəkildə əks etdirən M.Auezovun “Abay” romanı çox məşhurlaşıb və dünya xalqlarının dillərinə tərcümə olunub.
4. Ərəb millətçiliyi ilə tanınan, Suriya ilə Birləşmiş Ərəb Dövlətini quran, 14 il Misirin dövlət başçısı olmuş Camal Əbdül Nasir 1970-ci ilin bu günü ürək infarktından vəfat edib.
5. İtaliyanın dünyaşöhrətli kinoaktyoru Marçello Mastroyani (Marcello Mastroianni) 1923-cü ilin bu günü anadan olub. Əvvəllər əsasən kinokomediyalarda çəkilən aktyor, sonralar tanınmış rejissorlar Fellini və Antonioninin filmlərində yaddaqalan obrazlar yaradıb və məşhurlaşıb.
6. 1965-1986-cı illərdə Filippini idarə edən və ölkəsinin milyardlarla dollarını şəxsi mənfəəti üçün israf edən diktator Ferdinand Markos(Ferdinand Marcos) 1989-cu ilin bu günü ABŞ-ın Havay (Hawai) ştatında ölüb.
7. 2009-ci ildə Türkiyənin o zamankı baş naziri R.T.Ərdoğanın Davos zirvə toplantısında “Öldürməyə gəlincə, siz öldürməyi yaxşı bilirsiniz. Çimərliklərdəki uşaqları necə öldürmüsünüz, necə vurmusunuz, çox yaxşı bilirəm” sözləri ilə tənqid etdiyi İsrail prezidenti Şimon Peres, 2016-cı ilin 28 sentyabrında dünyasını dəyişib.
Qeyd edək ki, Davosdakı hadisə dünya tarixinə “One minute” adı ilə düşüb.
Orxan Saffari
Gununsesi.info