“Bu gün ölkədə ən vacib olan məsələlərdən biri hüquqi islahatların həyata keçirilməsidir” - QUBAD İBADOĞLU

  • By admin
  • 04 İyul 2017 15:16

qubad ibadoglu

Bu gün Azərbaycan Demokratik və Rifah (ADR) Hərəkatı Azərbaycanda məhkəmə və hüquq sisteminin mövcud durumu ilə bağlı Dəyirmi Masa düzənləyib.

Gununsesi.info-nun məlumatına görə, ADR Hərəkatının sədri Qubad İbadoğlu tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, bu gün ölkədə ən vacib olan məsələlərdən biri hüquqi islahatların həyata keçirilməsidir.

Onun sözlərinə görə, hökumət xarici və yerli investorların iqtisadiyyata sərmayə yatırmasını istəyirlərsə, müstəqil məhkəmə-hüquq sistemini bərpa etmək lazımdır: “Bunun üçün hökumət müstəqil məhkəmənin olmadığını etiraf etməlidir ki, islahatlar aparılsın”.

Q.İbadoğlu əlavə etdi ki, iqtisadi inkişafı stimullaşdırmaq üçün də elə bir islahatların aparılmasına böyük ehtiyac var: “Əks halda xarici investorların cəlbi çətinləşər. Xarici sərmayədarlar əsasən 3 amilə diqqət yetirir. Birincisi, makroiqtisadi sabitlik olmalıdır. İkincisi, vergi, gömrük sisteminə, üçüncüsü məhkəmə-hüquq sisteminə önəm verirlər. Bu 3 amildən vergi, gömrük sistemində nəzərəçarpacaq islahatlar gedir”.

İqtisadçı deyir ki, qanunlar mükəmməl ola bilər. Amma onun icrası üçün müstəqil məhkəmə-hüquq sistemi yoxdursa, o zaman qanunların əhəmiyyəti yoxdur. “Nə qədər ki, Azərbaycan dünya ilə inteqrasiya olunmasa, beynəlxalq təşkilatlardan çıxsa özünü təcrid etmiş olacaq”,- Q.İbadoğıu səsləndirdi.

Hüquqşünas Fərhad Mehdiyev isə bildirdi ki, Azərbaycan məhkəmələrində hakim fəaliyyəti ilə bağlı problemlər yaşanır. Onun sözlərinə görə, hakim və məhkəmə sədrinin keyfiyyət göstəriciləri ürək açan vəziyyətdə deyil: “Məhkəmələrdə müstəqil hakimlərlə bağlı çətinliklər var. Onların özləri qanunu tətbiq edə bilmirlər. Hakim xarizmalı, bilikli və təcrübəli olmalıdır. Bizdə bilik deyil, korrupsiya təcrübəsi toplayırlar”.

Media sahəsi üzrə hüquqşünas Ələsgər Məmmədli isə qeyd etdi ki, qərarların icrası ilə bağlı problemlər yaşanır. Onun sözlərinə görə, məhkəmə tərəfindən qanunun tətbiq edilməməsinə min bir  bəhanə tapa bilirlər: “Azərbaycanda müstəqil məhkəmə-hüquq sisteminin olması ənənəsi olmayıb. Hətta Sovet dövründə belə belə bir müstəqillik mövcud deyildi. Həmişə məhkəmələr yerli icra hakimiyyətinin icrasında olmayıb. Məhkəmə-hüquq sistemi uzun müddət təzyiq altında qalsa, ona şərait yaradılmasa bu, cəmiyyətin çöküşünə səbəb ola bilər. Problemlərin kökündə hüquq təhsilinin zəif olmasıdır. Ölkədə hüquq ixtisasısının cəmi 2-3 universitetdə keçilməsinə icazə verilir. Halbuki akademik savad və azadlıq verə biləcək hüquqşünaslar yetişdirə biləcək özəl universitetlər çoxdur”.

Onun sözlərinə görə,vəziyyət elə bir səviyyədədir ki, Avropa Məhkəməsinin qərarları belə icra olunmur.

Hüquq müdafiəçisi Məmməd Zeynalov qeyd etdi ki, məhkəmə sisteminin vəziyyəti barədə uzun danışmaq olar: “Bu danışıqlar qeybət xarakteri daşıyacaq. Əsas məsələ bizim nə edə biləcəyimizi düşünməliyik. Hökumətə mütəmadi olaraq təkliflər verilməli, islahatlara gedilməsi üçün isə cəmiyyət tərəfindən təzyiqlər edilmlədir”.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da əsas problemi təhsillə bağladım. Onun fikrincə, 26 ildir ki, ölkədə normal hüquqa aid dərsliklər yazılmayıb: “Bu sahədə Qazaxıstan, Gürcüstandan başqa, hətta Özbəkistandan da geri qalmışıq. Hüquqşünaslar, vəkillər adi məlumatları belə bilmirlər”.

Ə.Həsənov əlavə etdi ki, beynəlxalq təşkilatlar, Dünya Bankı 20 ildən çoxdur ki, bizlə birgə işləmələriə baxmayaraq, hökumətə hər hansı bir qanun qəbul elətdirə bilməyiblər.

Tədbirin sonunda tövsiyyələrin hazırlanıb hökumətə təqdim ediləcəyi açıqlandı.

Vüsalə Rüstəmova 

Gununsesi.info