Bu gün Tbilisidə mitinqlər keçiriləcək

  • By admin
  • 20 İyun 2022 09:47

Bu gün Tbilisidə və regionlarda “Avropaya Tərəf” adlı mitinqlər keçiriləcək. 

Gununsesi.info xəbər verir ki, aksiyanın təşkilatçısı “Xəcalət” və vətəndaş hərəkatlarıdır.

Mitinq saat 20:00-da Tbilisinin Rustaveli prospektindəki Parlament binası qarşısında başlayacaq.

Təşkilatçıların sosial şəbəkədə yaydıqları məlumata görə, mitinqə toplaşan vətəndaşlara vətəndaş cəmiyyəti, Ukrayna hakimiyyəti və Avropa İttifaqının nümayəndələri müraciət edəcəklər.

Saat 21:00-da etirazçılar tədbirin yekun hissəsinin keçiriləcəyi Avropa meydanına doğru yürüş edəcəklər.

“Xəcalət” hərakatının üzvü Nodar Ruxadze bildirib ki, bu aksiya strateji tərəfdaşlara bir daha birlik nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edəcək. Həmçinin, onun sözlərinə görə, bu aksiyanın məqsədi Avropalı tərəfdaşların Gürcüstan vətəndaşlarının Avropa seçimi etdiyini görmələridir. O, əlavə edib ki, iyunun 24-ü Avropa İttifaqı Gürcüstanın namizəd statusu ilə bağlı yekun siyasi qərar verəcək və bu tarix bizim üçün çox vacibdir.

Xatırlatmaq istərdik ki, Tbilisidən başqa, iyunun 20-də digər şəhərlərdə də eyni məqsədlə vətəndaşların mitinqləri keçiriləcək – saat 18:00-da Zuqdidi, 19:00-da Batumi və 15:00-da Kutaisidə. Bundan əlavə, oxşar toplantılar Avropa şəhərlərində – London, Praqa, Hannover, Paris, Budapeşt, Berlin, Hamburq, Ştutqart, Reykyavik, Afina və Brüsseldə də baş tutacaq.

Gununsesi.info