Bu gün Xalq artisti Muxtar Maniyevin

  • By admin
  • 04 Aprel 2021 08:42

Bu gün Xalq artisti Muxtar Qəmbər oğlu Maniyevin (1935 – 22.12.2016) doğum günüdür. 150- yə yaxın filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Nəsimi”, “Nizami”, “Qanlı zəmi”, “Ölsəm… bağışla”, “Hər şey yaxşılığa doğru”, “Həm ziyarət, həm ticarət” və s.) maraqlı obrazlar yaratmış Muxtar Maniyev sənət aləmimizin ən dəyərli aktyorlarından idi.

Bəziləri, elə o cümlədən mən də onu zəhmli şəxs hesab edirim. Lakin Muxtar müəllimlə görüşüb müsahibə alandan sonra yanıldığımı başa düşdüm. Ona verdiyim suallardan biri epizodik rollarla bağlı idi. O bu sualıma belə cavab vermişdi: “Bala, mənim üçün epizodik rol anlayışı yoxdur. Aktyor elə epizodik rollarda da öz sözünü deməyi, daha doğrusu, dərinliyə getməyi bacarmalıdır”. Bəli, milli kinomuzda az sayda baş rolda oynayıb ikinci dərəcəli obrazlarla bu qədər yadda qalan qəhrəmanlar yaradan başqa aktyor təsəvvür etmək çətindir. Muxtar Maniyev bir mahir aktyor kimi, həqiqətən də, hər bir rolun dərinliyinə gedirdi, öz sözləri ilə desək, hər bir rol üçün canını qoyurdu. Elə bu səbəbdən də onun ən kiçik rolu belə tamaşaçılar tərəfindən sevilir. Bir sualım da neçə filmə çəkilməsi ilə bağlı olmuşdu. Bu sualımın müqabilində o, gülərək: “Mən statistika ilə məşğul olmuram”, – cavabını vermişdi. Sadəcə, əlavə etmişdi ki, hansı rol təklif olunubsa, oynayıb.

Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis ixtisasına yiyələnmiş Muxtar Maniyev aktyorluğa gəlişini (Muxtar Maniyevin kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə başlayıb) taleyin işi kimi qələmə verərdi: “Adamın canında nə istedadı varsa, yol açır ki, sən bu işlə məşğul ol”. Bəli, o hər bir rola mühəndis dəqiqliyi ilə yanaşardı.

O heç şöhrətpərəst də deyildi. Onunla bağlı çoxlu materialları vərəqləyən bir şəxs kimi deyə bilərəm ki, belə şeylər ona yad idi. Yeri gəlmişkən onu da deyək ki, aktyorun ailəsinə onun Fəxri xiyabanda dəfn olunması təklif olunmuşdu. Lakin vəsiyyətinə əsasən, o, Qala qəbristanlığında – atasının-anasının yanında torpağa (aktyor uzun müddət, bir neçə xəstəlikdən, o cümlədən şəkərli diabetdən əziyyət çəkib) tapşırılıb. Qeyd edək ki, Muxtar Maniyev ötən ilin dekabrın 22-də dünyasını dəyişib. Dəyişməyən isə ona olan tamaşaçı sevgisidir.

 

Gununsesi.info