“Bu coğrafi arealda yaşayan hər bir etnikin milli kimliyi bəllidir və bu, heç kəsdə şübhə doğurmamalıdır. Hətta, düşmənlərimiz belə bizim hansı milli kimliyə məxsus olduğumuzu deyir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc parlamentin komitə sədri Arif Rəhimzadənin məlum açıqlamasına mövqeyini bildirərkən deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, ermənilər bizə türk deyir, onda niyə biz özümüz milli kimliyimizi söyləməməliyik:
“İkincisi, bayrağımızda da milli kimliyimizi ifadə edən atribut var. Bayrağın rənglərindən biri elə türlküyün rəmzidir.
Üçüncüsü, Azərbaycanda hər hansı milli etnik kimliyin şübhə altına alınması fikrini qəbul etmirəm. Dünyada Avropa ölkələrində bununla bağlı oturuşmuş mövqeyin tərəfdarıyam. Artıq bu ölkələrdə milli kimlik məsələsi yox, vətəndaşlıq məsləsi təqdim olunur.
Bu gün ABŞ yüzlərlə etnosun birliyindən formalaşan bir ölkədir”.
Konkret olaraq A. Rəhimzadənin çıxışına gəldikdə isə millət vəkili deyib ki, bu məsələdən istifadə edib onun şəxsiyyətinin üzərinə hücum çəkilməsinin əleyhinədir.
“Mən Arif müəllimin məlum iclasdakı çıxışından məlumatlıyam. Arif müəllim həmin tədbirdə də hər zaman olduğu kimi, yenə də Azərbaycanı və milli maraqlarımızı çox ləyaqətlə müdafiə edən bir çıxış edib. Hansı ki, Arif müəllimin hər zaman belə çıxışları olub. Sadəcə, o, bunu reklam etməyib. Arif müəllim ziyalı, hər zaman milli maraqlar məsələsində prinspial mövqdə dayanan insanlardan biridir. Ona görə də istəyirəm ki, bu hadisələrdən istifadə edib, “onu linç etmək lazımdır”- deyə, mübarizəyə qalxmasınlar”.
Millət vəkili həmçinin hesab edir ki, bundan istifadə edib “hakimiyyətdə, parlamentdə antitürk qüvvələr var”-deyib, hücuma keçmək istəyənlər mövcuddur:
“Onlar bundan bəhrələnib, məqam gözləyir ki, millət içərisində parçalanma yaratsınlar”.
Z.Oruc əlavə edib ki, milli kimlik məsələsi mənəviyyatla bağlı məsələdir.
“Yəni, kim özünü hansı milltədən hesab edirsə, deməli, həmin şəxs həmin millətin nümayəndəsidir”- deyə, o, vurğulayıb.
Millət vəkili sonda onu da əlavə edib ki, A. Rəhimzadə Milli Məclisdə Azərbaycan-Rusiya Parlamentlərarası əməkdaşlıq qrupunun toplantısındakı çıxışında bildirib ki, biz azərbaycanlı olaraq türkdilli xalqlar qrupundanıq:
“O demədi ki, biz türk deyilik. Sadəcə, dedi ki, biz azərbaycanlı olaraq türk millətinin bir qoluyuq və bizə də türk deyirlər. Ancaq biz Azərbaycan türküyük”.
Millət vəkili Fəzail Ağamalı isə Gununsesi.info-ya açıqlamasında deyib ki, azərbaycanlıların türk olması müzakirə predmeti ola bilməz :
“Azərbaycanda türklərlə bərabər, bir sıra etnoslar da yaşayır . Və biz çox mehriban bir şəraitdə yaşayırıq. Bizim xalqımız da türkdür və buna da heç kəsin şübhəsi olmasın”.
Onu da qeyd edək ki, A. Rəhimzadə özü də məsələyə aydınlıq gətirərək deyib ki, fikirləri qərəzli şəkildə təhrif olunub.
“Həmin iclasda mən deməmişəm ki, biz türk deyilik. Bununla bağlı fikirlərim təhrif olunub. Mən demişəm ki, biz etnik cəhətdən türkük, ancaq xalq kimi azərbaycanlıyıq. “Haqqın.az” saytı məndən acıqlı olduğu üçün, hər dəfə əleyhimə yazır. Onlar ümummilli lider Heydər Əliyevin məşhur “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” fikirlərini xatırladıb. Ancaq eyni zamanda ulu öndər “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyib. Onu da yazaydılar da!” – deyə, deputat bildirib.
Mürtəza
Gununsesi.info