“Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq” – Hacı Şahin

  • By admin
  • 20 Avqust 2020 16:36

“Qeyd etdiyimiz kimi, bu il Məhərrəm ayı və Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq”

Gununsesi.info xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin deyib. O bildirib ki, bütün müsəlman ölkələrində bu məhdudlaşdırıcı tədbirlər həyata keçirilir:

“Bildiyimiz kimi, kütləvi tədbirlərdə virusun yoluxma riski daha çox olur. Ona görə də, Azərbaycanda yas və toy mərasimlərinin keçirilməsi hələ də qadağan olunur. Dinimiz sağlamlığımıza çox önəm verir. Sağlamlığı qorumaq həm də bizim dini vəzifəmizdir. İnsanın həm özünün, həm də ətrafındakı şəxslərin sağlamlığını qoruması Allah qarşısında olan məsuliyyətdir.

Mən düşünürəm ki, bu il Aşura tədbirlərinin kütləvi şəkildə qeyd olunması mümkün deyil. Bütün bunları nəzərə alaraq, biz də Qafqaz Müsəlmanları İdarəsi olaraq insanlara müraciət etmişik. Ehsanlara verilən vəsait isə insanlara ərzaq yardımı üçün yönəldilə bilər. Məscidlərdə qan vermə aksiyaları da keçirilməyəcək. Buna baxmayaraq, insanlar qaydalara riayət etmək şərti ilə həmin gün qan bankına müraciət edə bilərlər.

Eyni zamanda din xadimləri sosial şəbəkələr vasitəsilə insanlara müraciət edərək onların mənəvi ehtiyaclarını qismən də olsa qarşılamağa çalışacaqlar. Kütləvi informasiya vasitələrində müəyyən proqramlar olacaq.

İnsanlar mövcud vəziyyəti nəzərə alaraq hərəkət etməlidirlər. Ümid edirik ki, bu virusun ömrü qısa olar və gələn ildən həyat öz normal axarına qayıdar. Hər bir halda qaydalara riayət etmək həm dini, həm də mənəvi məsuliyyətdir”

Gununsesi.info