“Bu il Azərbaycan iki mühüm hadisənin şahidi oldu. Biri “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, digəri isə ötən gün Bakı-Tbilisi-Qars dəmiryolunun açılışıdır. Bu addımlar tarixi addımlardır. Ulu Öndərin qarşıya qoyduğu ideyalar addım-addım, əziyyətlər hesabına həyata keçirilir”.
Gununsesi.info xəbər verir ki, bu fikri deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Onun sözlərinə görə, burada prezident İlham Əliyevin böyük əziyyəti, qətiyyəti, iradəsi öz əksini tapır: “Bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılan addımlardır”.
S.Novruzov bildirib ki, o zaman hər iki layihə ilə bağlı sənədləri bir çoxları xülya, röya adlandırırdılar: “Lakin tarix sübut etdi ki, həmin şəxslərin düşüncəsi xülyadır. Ümummilli liderin uzaqgörən siyasəti 25 ildən sonra həmin şəxslərə başa saldı ki, atılan addımlar nə qədər duzgün və vaxtında atılıb. Vaxtilə bu müqavilələrin reallaşmasına inanmayanlar, onu səmərəli olmadığını deyənlər arasında burada oturanlar da var”.
Deputat qeyd edib ki, Azərbaycan prezidentinin atdığı hər addım xalqımızın mənafeyinə hesablanıb: “Azərbaycan dünyada öz sözünə əməl edən dövlət, ölkə başçısı sözünün üstündə duran prezident kimi qəbul olun və dəstəklənir. Azərbaycan prezidenti ötən gün BTQ dəmiryolunun açılış mərasimindəki çıxışında da bildirdi ki, ölkəmizdə bu illər ərzində quruculuq, abadlıq işlərinə xüsusi önəm verilib. Belə ki, Azərbaycanda 3 mindən artıq məktəb, uşaq baxçaları, diaqnostika mərkəzləri, zavodlar, fabriklər, yollar, körpülər tikilib qurulub. Təbii ki, bütün bunlar məhz imzalanan müqavilələrdən əldə olunan maliyyə hesabına başa gəlib”.
Mürtəza
Gununsesi.info