Bu il bayramı qeyd etməyəcəm - NAZPƏRİ DOSTƏLİYEVA ŞUŞADA ERMƏNİNİN EVİNDƏN ŞƏKLİNİN ÇIXMASINDAN DANIŞDI

  • By admin
  • 02 Mart 2021 21:46

Xalq artisti Nazpəri Dostəliyeva Moderator.az-ın suallarını cavablayıb.

Gununsesi.info həmin söhbəti təqdim edir:

– Nazpəri xanım, öncə vaxtınızı bizə ayırıb, suallarımı cavablandırdığınız üçün sizə təşəkkür edirəm. 

– Mən təşəkkür edirəm. Sözün düzü, son illər müsahibə vermirəm, amma sizə hörmətim var, saytınızın da dediklərimi olduğu kimi yayımlayacağından əminəm.

– Novruz bayramına necə hazırlaşırsız?

– Bu il əlbəttə ki, digər illərə nisbətən Novruzu fərqli qeyd edəcəyəm. Mən hər il şirniyyatları evimdə hazırlayırdım, bu il onu etməyəcəm. Hansı ki, hər zaman rəhmətlik anam hazırlayırdı, anamdan sonra da bunu evdə mən hazırlayırdım. Baxmayaraq ki, qalibiyyət və uğur bizim oldu, amma eyni zamanda gənc balalarımız da şəhid oldu. Hər bir şəhidi öz övladım hesab edirəm. Ona görə də mən onlara görə nə şəkərbura bişirəcəm, nə qoğal, nə də paxlava. Nə qədər istəsək də ruhumuz, qəlbimiz şad olmur. Çünki gözəl-gözəl övladlarımız torpaq uğrunda şəhid oldu. Düzdü, hər insana şəhidlik zirvəsi nəsib olmur, hər anaya o bəxtəvərlik verilmir. Amma eyni zamanda ana üçün canından ayrılan bir candır o şəhidlik. Mən də bir anayam, özümü o anaların yerində hiss edirəm. Bir qazan plov hazırlayacam, çünki mənim körpə nəvələrim var, ola bilsin hər bayramda olduğu kimi onlar yenə bizə gələcəklər. Səməni cücərtməyəcəm, yumurta boyamayacam. İlk öncə şəhidlərimizin, atamın, anamın, qardaşlarımın məzarı üstünə gedəcəm. Onları ziyarət edəndən sonra gəlib halva hazırlayacam və onu yaxınlarımla bölüşəcəm. İnanın mənə bu il efirlərdəki bayram konsertlərinə də yeni geyimlər geyinməyəcəm. O al geyimləri, bəzəkli donları geyinməyəcəm. Ola bilsin ki, mənim fikirlərimlə çoxları razılaşmasın, amma mən bir ana olaraq içimdə bunu yaşayıram. Yeni ili də mən qeyd etmədim, baxmayaraq ki, nəvələrim balacadır, şam ağacı  istədilər, dedim ki, gedin öz evinizdə edin, mənim evimdə nə yolka olacaq, nə də şənlik! Mən bunları paylaşmağı sevmirəm, bu bir göstəriş deyil, bunu sizə dedim, çünki sizə mənim hörmətim var. Bunu da dedimsə demək ki, edəcəyəm.

– Sizdə müşahidə etmişəm ki, etdiyiniz yardımları, insanlara göstərdiyiniz qayğıları digər sənətçilər kimi instagram səhifənizdə, efirlərdə sərgiləmirsiz.

– Əgər mən bunu paylaşıramsa ən azı Allah o yardımı qəbul etməz. Allah həqiqətən də göstəriş üçün edilən yardımı qəbul etmir. Heç vaxt nə efirlərdə, nə də instagram səhifəmdə bunu göstərmirəm. Hətta televiziyadan xahiş etdim ki, deməsinlər ki, bunu filankəs edib. Etmişəmsə əgər Allahın yolunda etmişəm. Televiziya vasitəsilə görmüşəm ki, bir ana göz yaşı tökür, o tikəni ağzıma almamış bölmüşəm. Bu mənim ürəyimdən gəlib, etmişəm.

– Sənətçilər ildən-ilə artır. Təbii ki, bu yaxşı haldır. Amma bu günlər səhnədə barmaq sayı qədər az müğənnilər efirdə oldu. Demək ki, xalqın o müğənnilərin hamısına ehtiyacı yoxdur.

– İnanın ki, o dövrdə mən daha çox televiziya verilişlərinə çıxırdım, nəinki indi. Çünki o dövrdə insanlara təsəlli lazım idi. Hansı ki, o sənətçilər həqiqətən də xalqa bir təsəlli ola bilsinlər. Üzdə bir cür, arxada bir cür yox. Çünki xalqımız, millətimiz o qədər həssasdır, o qədər hər şeyi çox gözəl bilir ki. Yaxşını pisdən, yalanı doğrudan ayıra bilir. Televiziya kanallarından mənə dedilər ki, Nazpəri xanım, xüsusilə bu günlərdə sizin çıxışınızı istəyirik. Mən o ərəfələrdə daha çox efirlərə çıxdım, verilişlərə getdim. Təsəllimlə, xalqın yanında olmağımla, xalqa doğmalığımı sübut etmək üçün. Bir növ onlara demək istəyirdim ki, elə bilməyin ki, mən evimdə oturmuşam, amma mən hər zaman sizin yanınızdayam. Bir şeyi mən hiss etdim ki, xalqımız bu müharibə dövründə daha möhkəm olub, yumruq kimi birləşdi. Çünki mən xalqın içində çox olurdum. Şəhidlərimizin dəfn mərasimlərində olurdum, elə vaxt olub ki, gözümdə eynək, ağzımda maska olub, heç məni tanımayıblar. Amma mən o şəhidin məzarı üstündə anası ilə birgə göz yaşı tökmüşəm.

– Müğənnilərin bəziləri o dönəmlər sanki rola girmişdilər. Bir-birinin ardınca vətənpərvər mahnılar yazdırıb, efirlərdə səsləndirdilər. Amma indi efirlərə baxıram, görürəm ki, həmin müğənnilər artıq qalmaqalla gündəmə gəlirlər. Bu səviyyəni sona qədər qoruyub saxlaya bilmədilər.

– Xalq əgər bir müğənnini sevirsə, onun qalmaqalı, xoşagəlməz halları onları maraqlandırmır. Sadəcə olaraq bəziləri özlərini xalqa güclə sırımağa çalışırlar. Onların sənəti də olsa belə, özləri xalqın gözündən düşəcək. Hər kəsin öz düşüncəsi, fikri və əqli var. Mən gənc yaşlarımda hər zaman səhnəyə qapalı geyinib çıxanda deyirdilər ki, yəqin nəsə qüsuru var ki, uzun qol geyinir, yəqin ki, ayaqları əyridir ki, uzun geyinir. Bunu mənim üzümə deyiblər. Mən heç vaxt öz yolumdan dönməmişəm, əqidəmi itirməmişəm. Çünki bu xalqıma olan və içimdən gələn səmimi sevgimdir. Mən dəyişilmədim, dəyişilmərəm də. Əlbəttə ki, sənətdəki bəzi insanlar var ki, bir az toylara gedirlər, maddi vəziyyətləri yaxşılaşır. Həmişə deyirəm ki, qurunun oduna, yaş da yanır. Sənət adamları ucuz reklama gedirlər, nələrinisə reklam edirlər, xalqı qıcıqlandırırlar. Bu xalqa çox pis təsir edir. Biz xalqın çörəyini yeyirik, varımızla, imkanımızla onlara acıq verməyə ixtiyarımız yoxdur. Biz deyəcəyik ki, bax bundan məndə var, onda yoxdur. Amma daha varlısı çıxıb deyəcək ki, bu utanmır onunla fəxr edir? Məndə ondan böyüyü, qiymətlisi var! Amma mən onu göstəriş üçün göstərmirəm. Bu insanın daxili mədəniyyətidir. Belə olan halda sən xalqın sevgisini, hörmətini qazanacaqsan. Şükürlər olsun ki, mən xalqın sevgisini qazanmışam. Nəyinsə xatirinə əl çalmırlar mənim üçün. İstər yolda olsun, istər digər yerlərdə mənə hamı sevgi ilə yanaşır, yaxınlaşır. Və yaxud da sürücüm maşınımı bir az sürətlə idarə edirsə, yol polisinin maşınımı saxlamağı və məni görəndə hörmət etməyi, “ehtiyyatlı olun” deməyi, bax bu bir hörmətdir. Bu sevgilər məni yaşadır, bu sevgilər heç vaxt məni əyilməyə, sınmağa qoymur.

– Nazpəri xanım, sənətdə çox haqsızlıqlarla üz-üzə gəlmisiz. Bu zaman yeganə çıxış yolunuz nə olub?

– Mən heç vaxt bir saytda, bir televiziyada çıxıb deməmişəm ki, mənə qarşı bu qara kampaniya, bu haqsızlıq nəyə görədir? Hətta mənə o vaxt dedilər ki, niyə özünüzü müdafiə etmədiniz, niyə danışmadınız? Mən güldüm və soruşdum ki, hansı qəbahət işimə görə? Mən nə etmişəm ki? Mən nə qəbahət iş görmüşəm ki, özümü müdafiə edim? Mən hər zaman addımımı da ehtiyyatla atıram ki, kimlərinsə xətrinə dəyməyim. Məni Allahım müdafiə etdi, hər zaman yatanda da, duranda da Quran kitabı əlimdə idi. Allahdan səbr istədim, o da ürəyimə su səpdi.

– Amma sonda bağışladınız. Demək ki, bağışlamağı bacarırsınız.

– Əlbəttə. Biz kimik ki, bağışlamayaq? O boyda haqsızlıqları mən bağışladım.

– Yəqin ki, sizin də bağışlanmaz insanlar siyahınız var.

– Bilirsiniz, bir insanın xətrinə dəyib, qəlbini sındırırlar. Şəxsən mənim qəlbimi qıranda bir söz deyirdim ki, Allahım, o insanların keç günahından ki, onlar bilərəkdən böyük günah edirlər. Mən bilirdim ki, o günahın sahibi qarşımdakı insandır. Mən arxayın və rahat idim. Çünki haqsızlığı mən etmirdim. Bu Allahın adı altında ən böyük günahdır. Mənə böhtan atan insanlar var idi,  Allaha yalvarırdım ki, bu insanlara kömək et, onlar yaxşı ilə pisi ayırd edə bilmir. Hər bir iztirabın, çətin günün son nöqtəsi şirin olur. Mən o son nöqtəni səbrlə gözlədim.

– İlhamə Quliyevanın sizə etdikləri göz önündə idi. Biri də var ki, tamaşaçıların bilmədiyi, göz önündə olmayan insanlar. Halbuki hal-hazırda həmin insanların özləri şər-xəta ilə üz-üzə qalıblar.

– Bir söz var, deyirlər ki, Allah ürəyinə görə versin. Ürəyinə görə həyatını yaşayasan. Ürəyin o qədər günahlardan, pisliklərdən, uzaq olmalıdır ki, bu sözə layiq olasan. O çox yaxşı sözdür. “Allah ürəyinə görə versin” deyilən sözlə insan elə yaşamalıdır ki, bu sözdən qorxmasın! Vicdan əzabı çəkməsin. Allah heç bir zaman ağlımızı başımızdan almasın.

– İnsan həyatda neçə yaşına kimi sevə bilər?

– İnsan həyatının sonuna qədər sevə bilər. Sevgi elə bir qüvvədir ki. Mən də sizə o sevgini arzulayıram, sevib-seviləsiz!

– Şuşadakı erməninin evindən şəkiliniz tapılmışdı. İstərdim bundan da danışaq.

– Erməninin evindən şəkilim çıxanda çox qorxdum. Fikirləşdim ki, ikibaşlı qəbul olunar. Amma birmənalı qəbul olundu. İnsanlar fəxr hiss ilə, istər saytlarda, istər mənə gələn telefon zənglərində deyirdilər ki, ermənilər indi deyəcəklər ki, Nazpəri Dostəliyeva da bizimdir. Allahıma o qədər şükürlər etdim ki! Böyük fəxr hissi ilə orada Nazpərini seviblər demədim, orada Azərbaycan musiqisini seviblər dedim. Mən Azərbaycan musiqisini təbliğ etmişəm, təbliğçiyəm. Mən o sevgini öz üzərimə deyil, musiqimizin üzərinə ötürdüm. Azərbaycan musiqisini, sənətçisini başlarının üzərində qoyublar. Ordan hansı bir müğənnimizin şəkili çıxsaydı fəxr edərdim.

– Bir də səhv etmirəmsə həmin döyüşçülər sizinlə əlaqə də saxlayıblar.

-Hə, bu doğru məlumatdır. Səndən də heç bir şey gizli qalmır (gülür). Bağda oturmuşdum, bir də gördüm ki, əsgərlər mənə zəng edib ki, Nazpəri xanım, biz sizin şəkilinizi Şuşadan tapmışıq. Mənə dedilər ki, səsinizi mikrofona qoymuşuq, hamımız sizi eşidirik. Biz bir neçə mahnı oxuyun da. Mən də şokda idim. Dedim ki, sizə mən qurban olaram! Mənim balalarım, gözüm üstə. Onlara “Nə olar Allahım, ayırma bizi” mahnımı oxudum. Bir görsəydiniz necə sevindilər, necə kövrəldilər. Mən bir həftə özümə gələ bilmədim. Allah onları bizə, bizi onlara çox görməsin! Həqiqətən də xoşbəxt oldum! Allah millətimizi, dövlətimizi, əsgərlərimizi, qazilərimizi, prezidentimizi bütün bəlalardan hifz etsin!

 

Gununsesi.info