
2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 11,6 faiz bahalaşıb.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz artıb.
2016-cı ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.
Ay ərzində düyünün, unun, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, şokolad və konfetlərin, qəhvə, çay və kakaonun, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, kartofun, kökün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, almanın, limonun, naringinin, heyvanın, narın, xurmanın, soğanın, kələmin, balqabağın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində artım olsa da, digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Vüsalə Rüstəmova
Gununsesi.info