Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub.
Bu haqda DİM-dən məlumat verilib.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 11-də xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 13-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. Dekabrın 17-də isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb. İmtahan iştirakçıları nəticələr, cavab kartı və vizual təsvir üzrə yazı işləri ilə DİM-in internet saytında tanış ola bilərlər.
İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qeyd olunub ki, 358 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 5 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib. Onlardan 77 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib. 2 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtlərə cavab verib.
Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.
Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər dekabrın 24-ü saat 14:00-dan dekabrın 26-sı saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən dekabrın 27-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Gununsesi.info