Tarix boyu keramika insan məişəti ilə bağlı olub, onun estetik zövqü və dünyagörüşünü ifadə edir. Keramika – yüksək temperaturda yandırılaraq gildən hazırlanmış məmulatdır. Öz təyinatına görə tikinti keramikası, texniki və bədii keramika (heykəllər, qab-qacaq, dekorativ güldan və boşqab, bəzək əşyaları və kiçik plastika), məişət və təsərrüfat keramikasına bölünür.
Dekorativ-tətbiqi sənət nümunələrindən biri olan keramika sənəti bütün insanlıq üçün ən qiymətli mədəni irslərdən biri hesab olunur. Qədim köklərə malik xalqların böyük tarixinin sübutu onun keramikası ilə müəyyən edilir.
Zəngin Azərbaycan təbiəti tarixən burada keramika sənətinin təşəkkülünə də imkan verib. Çoxsaylı məişət tələbatları və ölkənin müxtəlif guşələrində gilin bolluğu dulusçuluq sənətinin geniş inkişafına səbəb olub.
Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları aşkar olunub.
Mayın 20-dən Şəki rayonunda “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi”ndə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçirilir. İyunun 2-nə kimi davam edəcək simpozium ölkəmizdə keramika sahəsi üzrə ilk beynəlxalq və irimiqyaslı tədbirdir.
Simpoziuma Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Braziliya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan və Monqolustandan olan iştirakçılar qatılıb.
Beynəlxalq simpoziumun kuratoru, keramika sənətini ölkəmizdə yaşadan rəssam Mir Teymur Məmmədovun sözlərinə görə, bu, Azərbaycan üçün bir qələbədir:
“SSRİ vaxtında çalışmışam ki, belə sipmozium olsun, amma alınmayıb. Ölkələrin iştirakına görə də bu simpozium seçilir. Dünyanın o başından gəlib qatılanlar var. Bu da simpoziumun nüfuzundan xəbər verir. Burada iştirak edən rəssamlar dünyaca tanınmış, ömrünü sənətə verən, ölkələrində kifayət qədər tanınan şəxslərdir.
Ölkənin turizm baxımından tanıdılması baxımından ən zəngin piar belə simpoziumlardır”.
ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova isə bildirib ki, tədbirin məqsədi xarici sənətkarlarla yerli sənətkarları tanış etmək, təcrübə mübadiləsi aparmaq və keramika sahəsində ənənələrin yaradılmasıdır.
“Tədbirin sonunda isə onlar iki həftə ərzində yaratdığı keramika əsərlərini nümayiş etdirəcəklər. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ABAD-ın keramika sahəsində olan ilk pilot layihəsidir.
Gələcəkdə də bu sahədə beynəlxalq sipmoziumları davam etdirməyi planlaşdırırıq. Yaxın müddət ərzində Şəki keramika mərkəzinin davamı olaraq Nardaran keramika mərkəzi də yaradılacaq”, – o əlavə edib.
Simpoziuma Bakıdan qatılan Sevinc Yaftumova deyir ki, bu sənətlə dörd ildir məşğuldur:
“Bu sənətə çoxdan maraq göstərirəm. Təsadüfən Mir Teymur müəllimin evində işləri ilə tanış olmağa getmişdik. O zaman keramika ilə məşğul olmaq istədiyimi bildirdim. O dedi ki, əgər bacarırsansa, gələ bilərsən. Keramika ilə məşğul olmaq üçün əvvəlcə istək lazımdır. İstək olmasa, hansısa əsəri yaratmaq olmaz”.
Son yaratdığı sənət əsərini bizə təqdim edən S.Yaftumovanın sözlərinə görə, burada o, şifrələr allahını təsvir edib.
“Bunu mən üç gündür hazırlayıram. Əsərdə kitablardan, mistik filmlərdən götürülən şirfələr əks olunub. Hər şifrənin öz mənası var. Əsərlər ölçülərinə görə fərqləndiyi kimi onların yaradılma vaxtı da fərqlidir. Gilin növü də bu məsələdə çox böyük əhəmiyyət daşıyır.
Gilin dilini bilmək vacibdir. Ümumiyyətlə, gillə işləmək psixoloji cəhətdən insanı rahatlaşdırır. Elə vaxt olur ki, musiqini qoşaraq, səhər 04:00-a kimi əsərimi hazırlayıram. Əsərlərin qiymətlərinə gəlincə, 15 manatdan 5-6 min manata qədər olur”, – xanım keramika ustası əlavə edib.
Banqladeşli iştirakçı Muhammed Ali Sulhaq bildirib ki, əsərlərində müharibədən əziyyət çəkən qadın və uşaqların simalarını əks etdirməyə çalışır:
“Məqsədim bu əsərlərlə müharibələrin, münaqişələrin pisliyini insanların diqqətinə çatdırmaqdır. Mədəniyyət vasitəsilə ölkələri, insanları bölmürəm. Hər bir əsərimdə bütün müharibədən əziyyət çəkən insanları düşünüb, onların çəkdiklərini əks etdirirəm.
Azərbaycan haqqında ilk dəfə ötən il Çində keçirilən simpozimda məlumat almışam. Orada iştirak edən azərbaycanlı sənətkarla tanış olmuşdum. Ölkənizə gələndə təşkilatçılarla birgə Şəhidlər Xiyabanında olduq. Sizin də çox qəhrəmanınızın olduğunu, müharibədən əziyyət çəkən xalq olduğunuzu gördüm. Hazırda yaratdığım əsər də elə həm sizin, həm də öz ölkəmin müharibədən əziyyət çəkənlərini özündə əks etdirir”.
Simpoziumun ən gənc iştirakçısı olan Abdullayeva Humayın 22 yaşı var. O, beş ilə yaxındır bu işlə məşğuldur. Deyir ki, Azərbaycan Rəssamlıq Akademiyasına daxil olduqdan sonra keramika sənəti ilə məşğul olmağa başlayıb. Gəncin sözlərinə görə, hər zaman rəssamlıqla məşğul olmaq istəyib və gillə tanış olandan sonra bu sənətə marağı daha da artıb.
H.Abdullayeva əsərlərin tam hazır vəziyyətə gəlməsi üçün dörd mərhələdən keçdiyini deyib:
“Əvvəlcə gil vasitəsilə əsər hazırlanır, onu xüsusi sobalara qoyurlar. Daha sonra sobadan çıxarılır, rənglənir və yenidən sobaya qaytarılır. 20 saat sonra əsər tam hazır olur”.
Gənc iştirakçı Rusiya və Almaniyada keçirilən simpoziumlarda da iştirak etdiyini bildirib.
O, gillə yalın əllə məşğul olduğunu və əllərinin korlanmaması üçün kremlərdən istifadə etdiyini əlavə edib.
Simpoziumun digər gənc iştirakçısı Arifə Nəcəvəliyeva da bu sənətlə Azərbaycan Rəssamlıq Akademiyasında tanış olub. Onun sözlərinə görə, bu sənətlə beş ildir məşğuldur:
“Uşaqlıqdan bu sənəti sevsəm də, akademiyaya daxil olana kimi belə bir sənətin Azərbaycanda olmasından xəbərsiz idim. İkinci kursda oxuduğum zaman bu ixtisasla tanış oldum. Mən, adətən, yaratdığım əsərlərə sonradan anlam yükləyirəm. Yəni hər şey təsadüfən və şüuraltı alınır.
Keramika sənətini ona görə seçdim ki, burada bir çox sənət növlərini birləşdirmək mümkündür. Keramika həm heykəltəraşlığın, həm qrafikanın, həm də rəssamlığın cəmləşməsidir. Məncə, bu sənətdə yaş önəmli deyil. Hər kəs bir-birindən nəsə öyrənə bilər”.
Türkiyədən simpoziuma qatılan Serap Ünalın sözlərinə görə, sənət əsərlərinə yerli sakinlərlə yanaşı, turistlərin də marağı böyükdür:
“Simpozumdan dəvət aldım və heç düşünmədən bu dəvəti qəbul etdim. Bütün ABAD ailəsi bizim buradakı işimiz üçün hər şəraiti yaradıb. Bütün iştirakçılar da burada rahat şəraitdə çalışır. Axşam hər iştirakçı öz ölkəsi haqqında məlumat verir. Bu imkanı yaratdığı üçün Azərbaycana təşəkkür edirik”.