“Bu, İslamı terror dini kimi təqdim etməyə çalışan qüvvələrə qarşı əsaslı cavab olacaq” - DEPUTAT

  • By admin
  • 03 Mart 2017 11:01

SAHIBA-ASPA

«Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələrinə səfərləri, keçirdiyi görüşlər və səsləndirilən bəyanatlar Azərbaycanın İslam aləmində həmrəyliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini göstərir».

Gununsesi.info xəbər verir ki, bu fikirləri AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, dövlət başçımızın müsəlman ölkələrinə səfərləri, oradakı görüşləri İslam ölkələri ilə daha yaxın əməkdaşlıq və tərəfdaşlığın inkişafını təmin edəcək.

Onun sözlərinə görə, Azərbaycan İslam dəyərlərinin qorunması, inkişaf etdirilməsi və yaşadılması istiqamətində çox mühüm tədbirlər həyata keçirir.

«Dövlət başçımız 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu il çərçivəsində görüləcək tədbirlər dünyada İslamı terror dini kimi təqdim etməyə çalışan məqsədli qüvvələrə qarşı da əsaslı cavab olacaq, İslamın əsl mahiyyəti üzrə sülh və barış dini təqdimatına töhfə verəcək. 2017-ci ildə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Buna paralel olaraq, bu  ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək»– deyə, S.Qafarova daha sonra qeyd edib.

Gununsesi.info