Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin qurultay zamanı jurnalistin sualına kobud formada cavab verməsi müzakirələrə səbəb olub. Bundan başqa, yazıçının jurnalistlə söhbətində Azərbaycan dilində səlis danışa bilməməsi də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Gununsesi.info xəbər verir ki, Bakupost.az-a açıqlama verən Mətbuat Şurasının sədri Rəşad Məcid də məsələyə münasibət bildirib.
Qurum rəhbəri bildirib ki, jurnalist sualı ittiham kimi verəndə, elə də cavab almalı idi:
“Sakit vaxt olan kimi orada xırda mikrofonu yazıçının, alimin ağzına soxan jurnalistlərə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, – deyə Mətbuat Şurasının sədri açıqlamasında bildirib.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə hesab edir ki, Çingiz Abdullayevin təmsil etdiyi qurumun mövcud normalara zidd olaraq açıqlamadığı bir məsələni sorğulayan jurnalistə qarşı sərgilədiyi münasibət heç bir halda doğru yanaşma deyil:
“Bunu hörmətli Xalq yazıçımıza yaraşdırmadım. Maraqlıdır ki, jurnalistin Xalq yazıçısı Çingiz Abdullayevdən sorğuladığı məsələ qanunvericiliyə görə açıq informasiyadır. Sözügedən vəsait ictimai olduğundan onunla bağlı informasiyalar da , kiminsə sorğulamasından asılı olmayaraq məcburən açıqlanmalıdır, əlçatan olmalı, internet resursda yerləşdirilməlidir. Normalda necə olmalıydı? Düşünürəm ki, qurumda məsul vəzifə daşıyan Çingiz Abdullayev jurnalistin öncədən bu tip açıq informasiyaları əldə edə bilmədiyinə münasibət sərgiləməli, üzrxahlıq etməli, bu tip açıq informasiyaların mənbəyini qeyd etməklə vəsaitdən istifadə ilə bağlı məlumatlarını bölüşə bilərdi”.
***
Mətbuat Şurasının sədri Rəşad Məcid məsələ ilə bağlı yenidən mövqeyini bildirib. O, feysbuk hesabında yaydığı açıqlamada sözügedən jurnalisti kobud davranmaqda ittiham edib:
“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var. Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən , əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb , müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.
Bəzi özünü media adlandıran , “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa – robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu. Amma orda kübar, özünü-sözünü bilən,müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.
“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram”.
Qeyd edək ki, AYB-nin qurultayının keçirilməsi üçün 203 min manat pul ayrılıb. Jurnalist isə qurultaydan sonra pulun hesabatı ilə bağlı Çingiz Abdullayevə sual ünvanlayıb. Xalq yazıçısı isə suala sulla cavab verib: “Utanıb ölmürsən?”
Gununsesi.info