Bu kolbasaların tərkibində ət tapılmadı - Rəsmi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.

AQTA-dan Gununsesi.info-ya verilən xəbərə görə, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb.

Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.

Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

 

Gununsesi.info