Bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq- İlham Əliyev

Bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq

 

Dünən Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

GUNUNSESİ.İNFO-nun xəbərinə görə, mərasim zamanı iqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumatdan aydın olub ki, yeni kompleksin tikintisinə prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlət başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib.

Yeni liman ötən il istismara verilmiş Bakı-Tiflis-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq.

Açılış mərasimində çıxış edən prezident İ.Əliyev bildirib ki, yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq: “Mən bir neçə il bundan əvvəl limanın tikintisi ilə bağlı qərar qəbul etmişəm. Bilirdim, görürdüm ki, Azərbaycanın çox böyük nəqliyyat və tranzit potensialı olacaqdır, ölkəmiz sürətlə inkişaf edəcəkdir. Belə bir qərarın qəbul edilməsi bir daha göstərdi ki, bizim siyasətimiz uzaqgörən siyasətdir, düşünülmüş siyasətdir. Limanın tikintisi ilə bağlı işlərə mən şəxsən nəzarət etmişəm”.

Prezident limanın yerləşmə məkanı kimi Ələtin seçilməsinin təsadüfi olmadığını qeyd edib: “Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynamışdır. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır.

 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq”.

Dövlət başçısı deyib ki, Bakı-Tiflis-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurla icra edilməsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcək: “Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcəkdir. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk.

Prezident bildirib ki, hazırda Azərbaycan Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması ilə məşğuldur: “Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı”.

Gununsesi.info

COMMENTS