Bu muzey açılmalı idi - DEPUTAT TƏNQİDLƏRƏ CAVAB VERDİ

  • By admin
  • 16 Aprel 2021 22:37

Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev Bakıda yeni Bulvar ərazisində Hərbi Qənimətlər parkının açılışını etdi.

Hərbi qənimətlər parkında 44 günlük Vətən müharibəsində ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silahlar, məhv edilən erməni əsgərlərinin dəbilqələri və s. nümayiş etdirilib. Məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın bu qələbəsini həzm etməyərək müxtəlif təxribatçı addımlar atır. Belə addımlardan biri də ötən gün açılışı olan Hərbi Qənimətlər parkında məhv edilən erməni əsgərlərinin dəbilqəsinin nümayiş etdirilməsini insan haqlarının pozulması kimi qələmə verməyə çalışır. Ermənilərin bu addımını müəyyən qədər anlamaq olar, ancaq sosial şəbəkələrdə məhv edilən erməni əsgərlərinin dəbilqələrinin nümayiş etdirilməsinə etiraz edənlər arasında azərbaycanlılar da var. Bəs görəsən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları, vəhşilikləri görməzdən gələn bu insanlar niyə müharibədə məhv edilən erməni əsgərlərinin dəbilqəsinin, geyimlərinin nümayiş etməsinə etiraz edir?

 Gununsesi.info xəbər verir ki,  məsələ ilə bağlı news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan 44 günlük Vətən müharinəsində işğal altında olan torpaqları döyüşərək azad etdi:

“Həmin ərazilərin videogötüntülərinə baxdıqda erməni vandalizminin şahidi oluruq. Bu günə qədər dünya ictimaiyyətinə ermənilərin iç üzünü göstərmək istəsək də çox təəssüf ki, ikili standartlarlarla qarşılaşırdıq. Ancaq biz 44 günlük vətən müharibəsində bütün beynəlxalq konvensiyalara, beynəlxalq qaydalara əməl edərək mövcud qaydaları pozmadan əli silah tutan terroristlərə qarşı döyüşərək sivil formada ərazilərimizi işğaldan azad etmişik. Ancaq buna qədər biz 30 ilə yaxın müddətdə bu məsələnin sülh yolu ilə həllini gözləmişik. Təəssüflər olsun ki, problem öz həllini tapmayıb”.

Qənimətlərin əldə edilməsindən danışan deputat bildirib ki, döyüş zamanı əldə olunan bütün qənimətlərin Bakıda açıq hava məkanında Hərbi Qənimətlər parkında sərgilənməsi normal bir haldır:

“Dünyanın bir çox müzeyinə baxsaq görərik ki, müharibəni əks etdirən döyüş silahları, əsgərlərin geyimləri və yaxud onların baş geyimləri sərgilənir. Bizim də bu muzeyi açmaqda, qənimətləri sərgiləməkdə məqsədimiz ondan ibarətdir ki, hər kəs anlasın ki, Azərbaycan torpaqlarını işğal etmək və yaxud azərbaycanlılara qarşı hərbi cinayət, terror törətməyin nəticəsi bu olur. Hətta bizim nümayiş etdirdiyimiz qənimətlər və maketlər göstərə biləcəklərimizin bəlkə də 5 faizidir. Bizim humanizmimiz imkan vermir ki, bütün çılpaqlığı ilə ermənilərin iç üzünü göstərək. Ancaq biz gələcək nəsillərin ermənilərin iç üzünü unutmaması üçün, ermənilərin hərbi cinayətlərinin unudulmaması üçün bu muzeyi açmalı idik.

Möhtərəm cənab Prezidentimizin də bu açılış mərasimində özünün iştirak etməsi, oradan mesajlar verməsi xalqımız tərəfindən çox yaxşı qarşılandı. Artıq dünya da anlayır ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan qətiyyən müharibə tərəfdarı olmayıb və bu gün də bizim bütün kommunikasiya xətlərini açmaqda məqsədimiz ondan ibarətdir ki, bölgədə daimi sülhü bərpa edək”.

 

Gununsesi.info