Bu il seçki baxımından çox məhsuldar bir il oldu. Camaat həm bələdiyyə seçkilərinə hazırlaşdı, həm də deputat seçkilərinə hazırlaşır. Və bu prosesə baxdıqca qəlbim fərəhlənir. Məmləkətin hər tinindən 10-15 namizəd boylanır.
O mahnının sözlərinə bir balaca dəyişiklik edib, qəhrəman sözünü namizəd sözüylə əvəzləsək, görəcəyik və başımızı yellədəcəyik ki, bu diyar namizədlər ölkəsidir. Nədir bundakı hikmət? Əcəba, o namizədlərin niyyəti nədir? Həqiqətənmi seçicilərinə xidmət etmək üçün vəzifəyə gəlmək istəyirlər? İnanmaq istəyirəm, inana bilmirəm.
Qapı-qapı düşüb səs yığıb, sonra, qapını seçicilərin üzünə bağlayan az millət vəkili görməyib bu sadəlövh seçicilər. Amma, secicini nə qınayasan? Deyirlər, ümidlər sonda ölür. Biz seçki məsələsində o qədər pozitiv xalqıq ki, ümidimizi itirmirik. Və bu ümidin ümidinə qalmağımızdan sui-istifadə edir bir çoxları. Beləcə, namizədlər növbəyə düzülürlər. Vallah, elə millət vəkili var ki, qonşusundan başqa heç kəs onun millət vəkili olduğunu bilməyib, desəm, yanılmaram. Bəlkə, heç evdə arvada da deməyib ki, birdən zənan xeylağıdır, gedər orda-burda “quşlayar” ki, ərim deputatdır. Bu cəmiyyətdə hamı yuxarıda olmaq istəyir. Çünki, başqalarına yuxarıdan aşağı baxmağın ləzzəti başqadır. Biz müdir görəndə kölələşirik. Kölə olmaqdan xoşumuz gəlir. Nəslinin üz qarası olan biri balaca bir müəsisədə müdir olsa, nəsil-nəcabət deyəcək ki, nəslimizin fəxridir.
Bu cəmiyyətdə elə insanlar var ki, elə professional yaltaqlıq edirlər ki, adam seçə bilmir, bu səmimidir, yoxsa yaltaq?! Aktyorluğu hər kəs bacarmır. Aktyorluq demişkən, o gün bir vəzifə adamı ilə ünsiyyətim zamanı, müəllim rüşvət alan birini o qədər tənqid etdi ki, istədim durum, alnından öpüm. Yaxşı ki, öpməmişəm, sonra özümü bağışlamazdım. Səhərisi günü həmin müəllimin işçisiylə söhbətim zamanı məlum oldu ki, sən demə, müəllim özü bu işçidən filan qədər rüşvət alıb işə götürüb. Bir az məyus olsam da, sonra, özümü toparladım, diqqətlə düşündüm. Və sevindim ki, bizdə belə istedadlı aktyorlar var. Həm də təəssüf etdim ki, bu aktyorluq qabiliyyətilə gərək müəllim indi işlədiyi (dişlədiyi) sahədə yox, hansısa teatrda, səhnədə olaydı. Nə isə, seçimin düz etməyib.
Seçicilərlə namizədlərin həmrəy olduğu bir vaxtda yeni il də özünü çatdırmaqdadır. Yeni ilə yeni bələdiyyə sədrləri, yeni depudatlarla çıxan xalqımı yeni yazımla təbrik etmək istədim. Qoy həmişə səsiniz gur olsun. Qoy həmişə seçdiyiniz bələdiyyə sədiri, deputat imza toplayarkən olduğu səmimiliyində qalsın. Namizədlərin üzündə o məsumluq seçkidən sonra da nur saçsın. Hə, bir də ümidə çox ümid olmayın. Düzdür, uman yerdən küsərlər, deyiblər. Amma, əziz seçici, şairin dediyi kimi:
Nə gözəldən məhəbbət um,
Nə bir güldən təravət um.
Nə bir dostdan sədaqət um,
Nə um, nə küs, rahat yaşa.
Getmək istəsən budu yol,
Dönməyə yox nə sağ, nə sol.
Nə hörmət dilənçisi ol,
Nə um, nə küs, rahat yaşa.
Yusif, əlin gözün üstə,
Nə təriflə, nə də pisdə.
Nə əcəldən möhlət istə,
Nə um, nə küs, rahat yaşa.
Yusif Nazim Ərəbsoy