“Bu ölkələrlə quru sərhədləri açılmalıdır” – Vüqar Bayramov

  • By admin
  • 17 Aprel 2023 10:36

“Qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq, gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Millət vəkili ilkin mərhələdə iki ölkə ilə quru sərhədin açılmasının məqsədəuyğun olduğunu deyib:

“Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb. Əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma bu ölkəyə yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər. Bu baxımdan təklif edirik ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin. Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı”.

Deputat quru sərhədlərinin açılmasının turizmə töhfə verəcəyini qeyd edib:

“Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir”.

Gununsesi.info