Bu, ölkəmizin iqtisadi gücündən xəbər verir – Azər Badamov

“Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi siyasət ölkəmizin iqtisadiyyatını gücləndirib. Azərbaycan iqtisadiyyatının güclənməsi ölkəmizdə bir çox beynəlxalq tədbirlərin keçirilməsi üçün idman arenalarının, meydançaların ərsəyə gətirilməsinə imkan verib. Pandemiyaya qədər Azərbaycanda bir çox beynəlxalq yarışmalar keçirilirdi. Təbii ki, beynəlxalq yarışmaların keçirilməsi üçün Bakının seçilməsinin əsasında ölkəmizdə olan siyasi sabitlik, iqtisadi gücümüz və yaradılmış yüksək infrastruktur dayanırdı”.

Gununsesi.info xəbər verir ki, bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, son bir ildə qlobal pandemiyaya görə bütün dünya ölkələrində olduğu kimi, ölkəmiz də iqtisadi itkilərlə üzləşib: “İqtisadiyyatların ayrı-ayrı sektorlarında tətbiq olunmuş məhdudiyyətlər, insanların təmaslarının azalması, bu iqtisadi tənəzzülün nəticələri 2020-ci ilin yekununda öz əksini tapmışdı. Amma dünya ölkələrindən fərqli olaraq Azərbaycan iki cəbhədə müharibə aparıb. Həm gözəgörünməz COVID-19 infeksiyasına qarşı, həm də gözəgörünən düşmənlərimizə qarşı müharibə apardıq və hər iki cəbhədə qalib gələrək üzümüz ağ, başımız uca çıxdıq. Təbii ki, hər iki müharibə böyük maliyyə itkiləri deməkdir və ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar meydana gətirib. Bu illər ərzində yaratdığımız maliyyə ehtiyatımız və ölkə iqtisadiyyatını dövrün çağırışlarına uyğunlaşdıra bilməyimiz 2021-ci ilin əvvəlindən yenidən iqtisadiyyatımızda artımlara nail olmağımıza imkan verib”.

Millət vəkilinin fikrincə, demək olar ki, biz müharibələri qələbəmizlə arxada qoyduq və indi post-pandemiya dövrünə qədəmlərimizi qoyaraq yenidən adi həyata qayıtmağımızın bir addımındayıq: “Məhz bu illər ərzində yaratdığımız iqtisadi gücümüz bütün çətinlikləri arxada qoyaraq fəaliyyətimizi yeni dövrün tələblərinə uyğun davam etdirməyimizə imkan verir. Bu gün böyük maliyyə tutumu olan, işğaldan azad olunmuş ərazilərimizin sürətlə yenidən qurulması və bərpası işləri aparılır. Həm də beynəlxalq tədbirlərə ev sahibliyi etməyə davam edirik. “Formula 1″ və futbol üzrə Avropa çempionatının 4 oyunu Bakıda keçiriləcək. Təbii ki, bu tədbirlərin keçirilməsinə ev sahibliyi etməyimiz bir daha ölkəmizin iqtisadi gücündən xəbər verir”.

Azər Badamov bildirib ki, ölkəmizdə keçirilən hər bir beynəlxalq yarış yeni mədəniyyət və inkişaf gətirir: “Düzdür, şəhərin mərkəzi yollarının bağlanması insanlar üçün müvəqqəti çətinlik yaradır. Amma yarışların ölkəmizin iqtisadiyyatının möhkəmlənməsinə verdiyi töhfələri kifayət qədər böyükdür və insanlarımız da bunu anlayışla qəbul edirlər. Bir misal çəkmək istəyirəm. 2019-cu ildə ölkəmizə 3,2 milyon xarici turist gəlmişdi və özləri ilə gətirdikləri 4,5 milyard manat vəsaiti xərcləmişdilər. Amma 2020-ci ildə pandemiya elan olunduğundan ölkəmiz bu vəsaitin daxil olmasından məhrum olub. İndi post-pandemiya dövrünə qədəm qoyuruq. Son 1,5 ildə iflic vəziyyətə düşmüş turizm sektorunun yenidən bərpası üçün beynəlxalq tədbirlərə ev sahibliyi etməyin böyük əhəmiyyəti var. “Formula 1″ yarışlarına izləyici auditoriyası 500 milyondan çoxdur. O cümlədən Avropa çempionatının auditoriyası da kifayət qədər böyükdür. Yarışlar zamanı bütün dünyanın diqqəti Azərbaycana fokslanacaq. Biz yarışlar keçirdiyimiz zaman fürsətdən istifadə edərək ölkəmizin turizm potensialını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin turizm potensialını videoçarxlar vasitəsilə dünya auditoriyasının diqqətinə çatdıra biləcəyik. Bu da ölkəmizə marağı artıracaq. Post-pandemiya dövründə dünyada turistlər üzərində bir mübarizə başlayacaq. Biz ölkəmizdə beynəlxalq yarışlar keçirməklə bu mübarizədə öndə olan ölkələrin arasında yer alacağıq”.

Gununsesi.info